Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Təzəkənd kəndinə təbii qaz verildi

07 oktyabr 2015 | 15:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür.
Belə ki, 07 oktyabr 2015-ci il tarixdə Masallı rayonunun Təzəkənd kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Açılış mərasimində Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev iştirak etmişdir. 569 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 45 min 473 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, o cümlədən məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Təzəkənd kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə - təbii qaz verilməsi münasibətilə səmimi qəlbdən təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Açılış mərasimində Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseyn Əliyev, kənd ağsaqqalı Etibar Ağayev, kəndin ziyalısı Hüseyn Abuşov, kənd sakini Tahirə Əmənova və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayevlə birgə təbii qaz verilməsini nümayiş edən alovu alışdırmışlar.

Keçidlər