Masallıda icra başçısı küçələrə baxış keçirdi
Şəhərdə bu il 22 küçəyə asfalt örtüyü döşənəcək
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Bu məqsədlə Masallı şəhərində böyük miqyasda abadlıq-quruculuq işlərinə start verilib.
Ötən il Masallı şəhərinin 18 küçəsinə asfalt döşənib.
Cari ildə də bu işlər uğurla davam etdirilir.
30 iyun 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ara məsafəsi gözlənilməklə asfalt vurulan 8 küçəyə baxmış, burada gedən abadlıq-quruculuq işləri ilə yerində tanış olmuşdur.
Söhbət şəhərin 22-Həsən Əliyev, Nizami Gəncəvi, Səməd bəy Mehmandarov, Zəlimxan Yaqub, Xətai, Xəlil Rza Ulutürk, Əhməd Rəcəbli, Z.Tağıyev, Şirvani, Cavanşir (döngə 1), Aşıq Alı, Azərbaycan (döngə 1), Azərbaycan (döngə 2), Yusif Məmmədəliyev, Təbriz (döngə 1), Təbriz (döngə 2), Abbas Səhhət, İntiqam Əsgərli, Qarabağ (döngə 4), Zərifə Əliyeva (döngə 1), Səttar Bəhlulzadə küçələrində və Heydər Əliyev prospektində (döngə 3) asfalt döşənməsindən gedir.
Dünən, 29 iyun 2021-ci il tarixdə rayon rəhbəri asfaltı vurulub başa çatdırılan 8-Abbas Səhhət, Nizami Gəncəvi, Həsən Əliyev, Əhməd Rəcəbli, Aşıq Alı, Heydər Əliyev prospekti (döngə 3) və Xətai küçələrini gəzib, yolun həmin hissəsində işlərlə tanış olmuşdur.
Yol inşaatçıları rayon rəhbərinə Masallıda gördükləri keyfiyyətli işlərdən söhbət açmışdır.
Sözügedən yollarda asfaltlama işləri yüksək keyfiyyətlə həyata keçirilirb.
İcra başçısı inşaatçılara tövsiyələrini verib qeyd etdi ki, hasarların hündürlüyü simmetriya təşkil etməli, ağaclar insanların və maşınların hərəkətinə mane olmamalıdır.
«Yeni həyat» qəzetinin əməkdaşları Masallı şəhər İƏD üzrə nümayəndəliyinin baş məsləhətçisi-mühəndis Mahir Ağayevdən və «Birlik 3 A» yol şirkətinin baş mühəndisi Mübariz Cəbiyevdən öyrəndilər ki, ötən il Masallıda 34.867 kvadratmetr, cari ilin birinci yarımilində 20-yə yaxın küçəni əhatə edən 37.993 kvadratmetr yol səliqəyə salınıb, asfalt vurulmuşdur.
Masallı şəhərində bütün işləri bir çox xeyirxah işləri ilə tanınan təcrübəli sahibkar Xudayar Rəhimovun başçılıq etdiyi asfalt zavodunun kollektivi yerinə yetirir. Həqiqətən də Xudayar Rəhimovun rəhbərliyi ilə asfaltçəkənlərin gördükləri keyfiyyətli işlər diqqəti çəkir, göz oxşayır. Bunu həmin küçələrdə yaşayan şəhər vətəndaşları da qeyd etdilər.
Şəhərdə yaşayan gənc Qadir Allahqulu oğlu Zeynalov da xeyirxah təşəbbüslərlə irəlidə gedən sahibkardır. İcra başçısı ilə görüş zamanı Qadir Zeynalov yeni təşəbbüs göstərərək, təzə asfalt yolunun bir hissəsinin axşam işıqları ilə quraşdırılmasına söz verdi. Qadirin atası rəhmətlik Allahqulu da sahibkar kimi xeyirxah işlərləri ilə tanınmışdı.
Küçələri abadlaşmış sakinlərdən Mahir Zəki oğlu Nuriyev, Yaşar Abdullazadə, Rahib Rza oğlu Abıyev, Natıq Əlinağı oğlu Fərəcov, Hacı Əlisa Soltanov, Renad Mahir oğlu Nuriyev və başqaları danışdılar ki, yolların vəziyyəti ətraflı öyrənilib və qış aylarında məktəblilərin dərsə normal getmələrini, həmçinin nəqliyyat vasitələrin normal hərəkəti təmin etmək üçün 8 küçədə asfalt örtüyünün döşənməsi təqdirəlayiq hadisədir, çox sevindiricidir.
Şəhər sakinləri həmçinin ölkə rəhbərinə və icra başçısına dəfələrlə minnətdarlıq ifadə etdilər.
Qeyd edək ki, 2021-ci ildə Masallı şəhərində 22 küçəyə, 8807 metr uzunluğunda təzə asfalt vurulacaq.
Digər 14 küçədə də işlər davam etdirilir.