Masallıda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirilib
Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar “Unudulmaz tarix” adlı tədbir keçirilib.
Tədbirdə Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğlu mayor Anar Novruzovun doğmaları, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları, rayon Veteranlar Şurasının sədri və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı qeyd edir ki, muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, iyul döyüşləri düşmən tərəfindən Ermənistan - Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması ilə başlayıb. Təcavüzkar Ermənistanın dövlət sərhədinə xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbələr endirildi, çoxlu sayda hərbi texnika və canlı qüvvəsi məhv edildi. Döyüşlər zamanı yüksək rütbəli bir neçə zabitimiz həyatını itirdi. Bu hadisələr ölkəmizdə xalq və dövlət, xalq və ordu birliyinin möhkəmliyini sübut etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan hərbi birləşmələri onun qarşısında acizdir.
Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov çıxış edərək bildirib ki, ermənilər Tovuz təxribatını törətməklə nəyəsə nail olduqlarını güman etsələr də, döyüşlərdən sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu və xalqı bir yumruq kimi birləşərək erməni qəsbkarlarına gücünü göstərdi. İgid olğullarımız nəinki Tovuz döyüşlərində, 30 il ərzində həyatını itirmiş bütün vətən oğullarının qisasını qısa zaman ərzində aldılar.
Şəhid Anar Novruzovun qardaşı Sucəddin Novruzov qardaşı ilə bağlı xatirələrindən danışaraq qeyd edib: ”O, heç vaxt Qarabağ torpaqlarının ermənilər tərəfindən işğalda saxlanılması ilə barışmırdı. Hər zaman deyirdi ki, Ali Baş Komandanımız əmr verən günü mən çox sevinəcəyəm. Biz torpaqlarımızı düşmən işğalından azad etmək gücünə malikik“.
Sonra iki oğlunu şəhid vermiş Ziba Əsgərli, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Masallı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, müharibə veteranı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Masallı rayon filialının sədri Nahid Rəhimov və başqaları çıxış ediblər.
Çıxış edənlər Tovuz döyüşləri, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü düzgün siyasi kurs barədə və xalqımızın qətiyyətli mübarizəsindən bəhs ediblər. Həmçinin qeyd olunub ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və Anar Novruzov, eləcə də digərləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə döyüşərək şəhidlik məqamına ucalıblar, amma hərbçilərimiz və gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsinə çevriliblər.
Tədbirin sonunda qonaqlar Tovuz döyüşlərində qəhrəmanlıq göstərmiş şəhidlərimizin ildönümünə həsr olunmuş sərgiyə baxış keçiriblər. “Unudulmaz tarix” adlanan sərgidə rəssam Ehtiram Məmmədov və Sevda Əliyevanın Qarabağ döyüşləri və hərbçilərimizə həsr olunmuş rəsm əsərləri və muzeyin fondunda qorunan şəhidlərə aid şəxsi əşyalar nümayiş etdirilib. Tədbirin sonunda xatirə fotoları çəkdirilib.