Masallıda müddətli həqiqi hərbi xidmətini başa vuran gənclərlə görüş keçirilib
16 oktyabr 2015-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi vəzifəlilərlə görüş keçirilmişdir.
İlk öncə tədbir iştirakçıları dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin mənalı ömür yolunu və zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik Rəsul Quliyev Azərbaycan ordusunda aparılan genişmiqyaslı islahatlardan danışıb. Şöbə rəisi vurğulayıb ki, Azərbaycan ordusunun günü-gündən artan gücü məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir: "Bu gün hər bir gənc Azərbaycan ordusunda xidmət etməsi ilə iftixar hissi duymalıdır. Ölkəmizin müdafiəsi hər birimizin borcudur. Hər zaman əldə silah torpaqlarımızın müdafiəsinə hazır olmalıyıq”.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan xidmətdə fərqləndiyinə görə hərbi vəzifəlilərin bir qismi qiymətli hədiyyələrlə mükafatlandırılıb.