"Heydər Əliyev və müasir Azərbaycan Mətbuatının inkişaf tarixi" mövzusunda tədbir
İyul ayının 22-də Karantin qaydaları gözlənilməklə Masallı Rayon Heydər Heydər Əliyev Mərkəzi və Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Günü ilə əlaqədar "Heydər Əliyev və müasir Azərbaycan Mətbuatının inkişaf tarixi" mövzusunda tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları vətən uğrunda canlarından keçən şəhidlərin və şəhid olmuş jurnalistlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qonaqları salamlayaraq bildirib ki, bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Məhz ulu öndər Heydər Əliyev sayəsində Azərbaycan milli mətbuatı ölkəmizdə həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olmuşdur. Bu gün respublikamızda milli mətbuata olan diqqət və qayğı, söz və fikir azadlığının təminatı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir.
Daha sonra Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva Milli Mətbuatımızın tarixindən söz açıb. O, qeyd edib ki, Azərbaycanda ilk mətbuu orqan olan «Əkinçi» qəzetinin nəşrə başladığı 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur. 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş «Əkinçi» qəzetinin 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, Azərbaycan milli mətbuatının təşəkkülündə əvəzsiz rolu olmuşdur. Milli mətbuatımızın bərqərar olmasında Həsən bəy Zərdabinin adını çəkdiyimiz kimi, müstəqil Azərbaycan mətbuatının tərəqqisi naminə ulu öndər Heydər Əliyevin yürütdüyü siyasəti böyük qürurla qeyd etməliyik. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi Azərbaycanda azad mətbuatın inkişafına təkan vermişdir.
Sonda hər iki müəssisənin əməkdaşları və Mərkəzin könüllüləri Rayon Tarix-Diyarşünaslıq Muzeyində Mətbuat Gününə həsr olunmuş sərgiyə baxış keçiriblər.