Masallıda gənclər arasında ideoloji təbliğat
19 oktyabr 2015-ci il tarixdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşəbbüsü ilə “Gənclər arasında milli ideologiyanın təbliği” mövzusunda tədbir keçirilmişdir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən layinənin mahiyyətinin izahı zamanı milli-mənəvi dəyərlər və ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının cəmiyyətdə, xüsusilə gənclər arasında təbliğindən geniş söhbət açılmışdır.
Tədbiri giriş nitqi ilə açan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov bütövlükdə layihə dövlətçilik ənənələrinin, ideologiyanın təbliğinə yönəlidiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Natiq Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi cəmiyyətin inkişafında mühüm yer tutduğunu vurğuladı. Öz millətini sevən, tarix və mədəniyyətinə yaxşı bələd olan gənclik daim ölkəsinin inkişafına çalışır. Gənc nəslin bu ruhda böyüməsi istiqamətində xüsusi dövlət proqramları həyata keçirilir. Dövlət nəzarətində olan KİV-lərdə bu mövzuya yer verilir.
Polkovnik C.Xəlilov torpaq uğrunda şəhid olan Masallı oğullarının qəhrəmanlığını örnək gətirdi. Bu gün ordu sıralarında bilikli, fiziki hazırlıqlı masallıların nümunə olduğunu vurğuladı.
Tədbirdə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Adil Haqverdiyev, Telman Babayev, Zahiddin Abbasov, Nəbi Hacıyev və İradə Alızadənin mühazirələri dinlənildi.
Mövzular üzrə iştirakçıların sualları cavablandırıldı. Rayon ağsaqqallar şurasının sədr müavini Ələşrəf Niftiyev və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şurasının sədri Məmmədağa Şiriyevə “Veteran həmrəyliyi” medalı təqdim olundu.