Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda məhərrəmlik ayı ilə bağlı ümumrayon tədbir

20 oktyabr 2015 | 15:00

20 oktyabr 2015-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində məhərrəmliklə əlaqədar olaraq ümumrayon tədbiri keçirilmişdi.
Yığıncağa rayon rəsmiləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyətin, dini icmaların nümayəndələri, hüquq-mühafizə orqanları nümayəndələri, bələdiyyə fəalları, məktəb direktorları, ağsaqqallar, ziyalılar toplaşmışdı.
Tədbiri giriş sözü ilə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq Azərbaycanın müstəqilliyi dövründə dövlət-din münasibətindən danışdı. Bildirdi ki, bütün mənəvi sahələr kimi dini dəyərlərə də güclü qayıdış var və ölkədə tolerant mühitin yaranmasında çoxsaylı tədbirlər həyata keçirilir. Müstəqillik illərində dini tarixi abidələr bərpa edilmiş, məscid və mədrəsələr, habelə digər dinlərə xas ibadətxanalar tikilmiş, ya təmir edilmişdir.
Məhərrəmlik mərasimindən danışan natiq 14 əsr əvvəl baş vermiş bu olayı haqq-ədalət uğrunda qiyam, vuruş, mübarizə kimi dəyərləndirdi, yaddaşdan-yaddaşa ötürülərək bu gün də xatırlandığını bildirdi. İslam şəhidliyini zirvə, qələbə, qəhrəmanlıq mücəssəməsi adlandıran natiq gənclərin bu ruhda tərbiyə edilməsini tövsiyə etdi. Sözçü son üç ildə Masallıda dindarların, dini icmaların, ruhanilərin təşkilatçılığı ilə məhərrəmliyin islami qaydalara uyğun, insidentsiz ötüşdüyünü bildirdi. Sözçü əsas məqsəd olaraq dindarların, təziyədarların təhlükəsizliyinin qorunmasını birinci amil hesab etdi. Məhərrəmlik mərasimində bəzi yabançı hallara münasibət bildirən natiq qeyd etdi ki, belə vaxtda insanın özünə cismani əziyyət verməsi, bədəninə zərbə vurması yolverilməzdir: özünə və başqalarına əzab verməyi Allah da rəva görmür. Zəncir vurmağın, bədənə əziyyət verməyin Şeyx həzrətlərinin fətvasında da bəyənilmədiyini deyən natiq bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildirdi. Bu qan talasemiyalı və digər xəstələr üçün şəfa cövhəri, ömrün uzanması deməkdir.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Hacı Miryəhya Bədirov, rayon polis şöbəsinin rəisi polis polkovniki Nəriman İmanov, Boradigah qəsəbə dini icmasının başçısı İsfəndiyar Bəyverdiyev, Ərkivan ağsaqqallar şurasının sədri Şərafət Əzimov və başqaları məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlərini səsləndirdilər.

Keçidlər