Masallıda “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi
Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Tovuz döyüşləri zamanı şəhid olmuş igid oğullarımızın xatirəsinin yad olunması məqsədilə 27 iyun tarixində açılmış “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimi keçirilib.
Karantin qaydalarına uyğun keçirilən tədbirdə mədəniyyət işçiləri, Masallı Regional ASAN Xidmət Mərkəzinin könüllüləri, şəhid anası Ziba Əsgərli və jurnalist Gülsüm Adilqızı iştirak edib.
İlk öncə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirib ki, ötən il baş vermiş Tovuz döyüşlərində qəhrəmanlıq salnaməsi yazaraq mərdlik göstərən igidlərimiz sayəsində düşmən təxribatları dəf edildi, Qarabağda qazandığımız tarixi qələbənin əsası qoyuldu:”Hərbi-vətənpərvərlik mövzusunda sərgilərin nümayiş olunması şəhidlərin ruhuna və qazilərə göstərilən ehtiramdan irəli gəlir. İgid oğullarımızın səngərdə göstərdikləri qəhrəmanlığın tarixdə əbədi olaraq yaşadılmasına çalışmaq hər bir ölkə vətəndaşı üçün mənəvi borcdur.
Rəssam Sevda Əliyeva Polad Həşimovun portretini yaradarkən yaşadığı kədərli anları tədbir iştirakçıları ilə bölüşüb.
Şəhid anası Ziba Əsgərli, jurnalist Gülsüm Adilqızı şəhid vətən oğulları ilə qürur duyduqlarını deyiblər. Vurğulanıb ki, övladlarımızın atdığı addım, getdikləri şərəfli yol bizim üçün müqəddəsdir.
Masallı Rayon Mərkəzi Kitabxanasının direktoru Əlhəddin Nəzərov isə ordumuzun Vətən müharibəsindəki qəhrəmanlıqlarından söz açıb.
Tədbirin sonunda sərgidə əsərləri ilə iştirak etdiklərinə görə rəssamlar Ehtiram Məmmədov, Sevda Əliyeva Muzeyin Fəxri fərmanı ilə təltif ediliblər.
Jurnalist G. Adilqızı şəhidlərin xatirəsinə ithaf etdiyi “Murad ömrü”, ”Şəhidlik zirvəsinin fatehləri” və “Vətən salnaməsinin qəhrəmanları” adlı kitablarını Muzeyə hədiyyə edib.
Sonda xatirə şəkilləri çəkdirilib.