Şriftin ölçüsü :

Saytın rəngi :

Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib

03 avqust 2021 | 16:00

03 aqvqust 2021-ci il tarixdə Masallı rayonunun Qarğalıq kəndində “Şəhidlər bulağı” istifadəyə verilib.

Yeni inşa olunan bulaq kompleksində Vətən müharibəsi şəhidləri Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovun xatirəsi əbədiləşdirilib, üzərinə barelyefləri vurulub.

“Şəhidlər bulağı”nın açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Məmmədhüseyn Hüseynov və aparatı, yerli hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhidlərin ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini M.Hüseynov rayon rəhbəri cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarının hər birinə çatdırıb. “Şəhidlər bulağı”nın açılış mərasimində vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatdı, əzəli Qarabağ torpaqlarımız erməni faşizmindən azad olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün dünyaya sübut etdi ki, dahi siyasətçi, müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin  layiqli varisi onun arzuladığı Qarabağı azad etdi və  vəsiyyətini həyata keçirtdi. Cənab Prezidentimiz, Ali Baş Komandan həm də sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən qalib dövlət Rəhbərimiz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yazdı.
44 günlük Vətən Müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan üç nəfəri də bu ərazidən olan şəhidlər Elvin Əzizov, Rafail Hüseynov və Gülşad Xəlilovdur. Allah əziz vətənpərvərləri rəhmət eləsin, əziz ruhları şad olsun!

Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə səlahiyyətli nümayəndəsi Məftun Hüseynov, Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi Hacı Hekayət Nəzərov, şəhid Masim  Qurbanovun atası Hafiz, şəhid Akif Elmirzadənin atası Gündüz, qazilər — «Cəsur döyüşçü» medallı Fərid Allahverdiyev, Şahlar Məmmədov, şəhid Rafail Hüseynovun qardaşı Elmir, rahim Abbasov, Viləş kəndindən olan iki şəhid anası Ziba Əsgərova, uzaqdan gəlmiş qonaqlar — şəhid ailə üzvləri Sahib və Məlahətli xanım və başqa şəhid anaları və qazilər bildiriblər ki, Vətən müharibəsində düşmənə qan udduran igidlərimiz ölümün gözünə dik baxdılar. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız onların qəhrəmanlıqları nəticəsində azad edildi.

Sonra söz məktəblilərə verilib. Qarğalıq tam orta məktəbinin şagirdləri Bünyamin, Ayhan, Nihad Məmmədovlar, Elvin Cəfərli, Masallı UGİŞM-nin şagirdləri şəhidlərə şeirlərindən ibarət poeziya buketi hördülər. Məktəblilərin şeirləri alqışlarla qarşılandı.
Şəhid Elvin Əzizovun qızları Şəhanə və Aybənizin qəhrəmanlarımıza həsr etdikləri şeirləri ürəkləri titrətdi, gözləri yaşatdı…
Xüsusi memarlıq formasında inşa edilən “Şəhidlər bulağı”nın ziyarəti başlanır. Tədbir iştirakçıları buranı gül-çiçək dənizinə çevirirlər.
Sonra tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxuyublar.
“Şəhidlər bulağı”nın ətrafı abadlaşdırılıb, burada Azərbaycan bayraqları dalğalanır. 

Keçidlər