MASALLIDA 20 YANVAR ŞƏHİDLƏRİ ANILDI
Masallı rayon İcra hakimiyyəti başçısının 27 dekabr 2012-ci il tarixli 256 saylı sərəncamı ilə təsdiq edilmiş 20 yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq rayonda bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Belə tədbirlərin yekunu olaraq 20 yanvar 2013-cü il tarixdə Masallı şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində keçirilmişdir.
Səhər saatlarından başlayaraq minlərlə rayon sakini 20 yanvar şəhidlərinin xatirəsini yad etmişlər.
Anım mərasimində rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər güllər dəstələri qoyaraq ruhuna dualar oxumuşlar.
20 yanvar qurbanlarına həsr olunmuş şerlər və ədəbi bədii kompazisiya nümayiş olunmuşdur.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilmiş, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, nəqliyyat vasitələrində səs siqnalları verilmişdir.