Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı növbəti onlayn müşavirə keçirib

09 avqust 2021 | 16:00

Masallıda koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi məqsədi, Məhərrəm ayının başlanması ilə bağlı videomüşavirə keçirilib

09 avqust 2021-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında geniş tərkibdə növbəti onlayn müşavirə keçirilib.

Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi məqsədi, Məhərrəm ayı, “Aşura” günü, kənd təsərrüfatı və təhsillə bağlı keçirilən virtual müşavirədə Masallı RİH başçısı cənab Şahin Məmmədov, aparatının əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, dini icma sədrləri və imamları, fəal gənclər, ağsaqqallar, digər ictimaiyyət nümayəndələri, «Yeni həyat» qəzetinin Baş redaktoru iştirak edib.

Müşavirəni açan Masallı RİH başçısı Ş.Məmmədov geniş və əhatəli məruzəsində qeyd edib ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə Azərbaycan Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi addımlar atılır.
Rayonda aparılan vaksinasiya işləri geniş müzakirə edilmişdir.

İcra başçısı rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsi barədə müvafiq tövsiyə və ciddi tapşırıqlarını vermişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavə olaraq işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı bir daha diqqətə çatdırıldı.

Qeyd olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən: dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur: mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri; mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri. Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir. Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur. Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: ictimai iaşə müəssisələrində; mehmanxanalarda; iri ticarət mərkəzlərində.

Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərin əhəmiyyətliyini vurğulayan rayon rəhbəri qabaqlayıcı tədbirlərin daha ciddi davam etdiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə əlaqədar dindarlara müraciətinə çəkən RİH başçısı qeyd edib ki, bütün hallarda Nazirlər Kabinetinin qərarlarına ciddi əməl edilməlidir. Dövlətin qərarlarına, mövcud qaydalara riayət etmək hər bir vətəndaşın borcudur. Məhərrəmlikdə, həm də yas mərasimlərində təziyə ehsanı olaraq imkansız ailələrə ərzaq yardımı etmək, xəstələrə qan verilməsi təqdirəlayiqdir. Ərazi nümayəndəlikləri və bələdiyyələr, dindarlar və ictimaiyyət nümayəndələri belə məsələlərdə həssas olmalıdırlar.

Videomüşavirədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov çıxışlarında Məhərrəmliyin, İmam Hüseynin həyat və mübarizə yolunun əsl fəlsəfi mahiyyətindən, böyük mənəvi-əxlaqi əhəmiyyətliyindən danışıblar.

Masallı rayon Prokuroru Vəli Mustafayev, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin rəisi Emin Süleymanov və başqaları hüquq-mühafizə orqanları heyətinin pandemiyanın ilk günlərindən etibarən bütünlüklə səfərbər olduğunun vurğulayaraq, Məhərrəm ayı və “Aşura” günlərində də vətəndaşları ayıq-sayıq olmağa çağırıb, koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin vaksinasiya olunmasının sürətləndirilməsini gündəmə gətiriblər.

Videomüşavirənin sonunda RİH başçısı Ş.Məmmədov bələdiyyələrin torpaq verilməsi, tütün məhsulunun tədarükü barədə, kənd təsərrüfatı sahəsində ən məsul dövr sayılan yay şumunun vurulmasından danışıb, bu sahəyə diqqətin artırılmasını tapşırıb.-Yanğından qorunmalıyıq,  biçilmiş taxıl sahələri tezliklə şumlanmalıdır, yüksək gərginlikli elektrik xətləri keçən yerlər diqqətdə saxlanılmalıdır. Su məsələsində istifadəyə fikir verilməlidir. Əkilən ağacları qorumalıyıq, ağaclara diqqət artırılmalıdır, — deyən rayon rəhbəri həmçinin təhsilin vacibliyini qeyd edərək, cari tədris ilində ali məktəblərə qəbul olunan 670, 643, 639... yüksək qiymət balı toplayan tələbələri xüsulilə qeyd edib bir daha bildirdi: « Məktəblərə diqqəti artırmalıyıq. Məktəb yaxşı vətəndaş yetişdirməlidir. Yaxşı vətəndaş öz Ana torpağını ləyaqətlə qorumağa hazır olur....»

Keçidlər