Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölümümə inanma, ana!" adlanan virtual kompozisiya

14 avqust 2021 | 16:00

Masallı Xalq teatrının səhnəsində şəhidlərə ithaf olunmuş növbəti kompozisiya oynanılıb.

Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında növbəti virtual ədəbi-bədii kompozisiya oynanılıb. Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə təşkil edilən virtual teatr kompozisiyası avqustun 13-də rayon Mədəniyyət Mərkəzinin tədbir salonunda baş tutub. Tanınmış yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında hazırlanmış səhnə işində teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, eləcə də rayonun müxtəlif ümumtəhsil məktəblərində çalışan müəllimlər, kiçik yaşlı məktəblilər və şəhid övladları iştirak ediblər.
"Ölümümə inanma, ana!" adlanan virtual kompozisiya teatrın rejissoru Cəmaləddin Əliyevin səhnə işinin məramı və kompozisiyanın həsr olunduğu şəhidlərin həyat yolu barədəki məlumat xarakterli çıxışı ilə başlayıb. Belə ki, o, şəhidlik məqamına yüksəlmiş Elvin Əzizov, Məhəmməd Əliyev, Səməndər İsgəndərov, Cəbrayıl Qasımov, Niyaməddin Sultanzadə və Əlisa Əliyevin həyat hekayəsinə nəzər yetirib, onların vətən uğrundakı müqəddəs mübarizələrinin iftixar doğuran anlarından bəhs edib, şəhidlərin örnək həyatı və döyüş yolunun təbliğ olunmasının vacibliyini vurğulayıb. Sonra müəllimlər və kollec tələbələri səhnəyə dəvət edilib. Əvvəlcə, təhsil işçilərinin ifasında vətən sevgisi, şəhidlik zirvəsi, vətəni müdafiəyə çağırış ruhunda monoloqlar deyilib, şeir kompozisiyaları oxunub. Daha sonra tələbələr şəhidlərin həyatından bəhs edən dramatik üslubda çıxışlar edib, vətənpərvərlik şeirləri səsləndiriblər.
Kompozisiyanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları müvafiq olaraq Elsevər Əliyev və Ruslan Zahidov, səs rejissoru isə Mərhəmət Lələyevdir.
Ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə canlı nümayiş olunub.

Keçidlər