Şəhid Bəyalı Məmmədovun xatirəsi anılıb
Birinci Qarabağ müharibəsində Böyük Xocavar kəndindən şəhidlik zirvəsinə ucalan Bəyalı Məmmədovun xatirəsi anılıb
Birinci Qarabağ müharibəsi zamanı Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Bəyalı Məmmədovun əziz xatirəsi doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndində anılıb.
Şəhidin torpağa tapşırıldığı kənd qəbiristanlığında keçirilən anım mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, çıxış edənlər şəhid Bəyalı Məmmədovun keçdiyi şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. Qeyd olunub ki, Birinci Qarabağ müharibəsi zamanı Belarusun Brest şəhərində hərbi xidmətdə olan Bəyalı, erməni quldurlarının Azərbaycana qarşı müharibəyə başlamasını eşidəndə hərbi xidmətini yarımçıq qoyub doğma Vətənə qayıdıb və Milli Ordumuzun Lənkəran batalyonuna yazılıb.
Cəbhədə olduğu müddətdə Bəyalı göstərdiyi igidliklərə görə çox keçmir ki, kəşfiyyatçılar qrupuna daxil edilir. Qəhrəman şəhidimiz düşmənə ağır zərbələr endirir, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərir. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin qardaşı Vüsal Məmmədov bildirib ki, Bəyalı 1992-ci ildə ağır döyüşlərdə iştirak edib. Xocavənd, Ağdərə uğrunda qəhrəmanlıqla vuruşub. Son döyüş yeri də Ağdərə olub. O yerləri, qardaşımın uğrunda döyüşdüyü torpaqları ziyarət etmək ən böyük arzumdur. İnşallah o arzum da tezliklə reallaşar.