Şriftin ölçüsü :

Saytın rəngi :

"Vətən Müharibəsi Qəhrəmanı" İntiqam Əsgərlinin xatirəsi anıldı

16 avqust 2021 | 16:00

Masallının Viləş kəndində Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin xatirəsi anıldı.

Şəhid gizirin şərəfinə inşa olunan abidə-bulaq kompleksi bu gün, 16 avqust 2021-ci il tarixdə, İntiqam Əsgərlinin doğum günündə istifadəyə verilib. Abidənin yaradılmasında kənd sakini, xeyriyyəçi Bəxtiyar Məmmədovun, vətənpərvər kənd sakinlərinin əməyi çox olub.

Kəndin mərkəzində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önündə tədbir keçirilib.

Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri, ziyalıları və media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Masallı RİH başçısı Ş.Məmmədov geniş nitqində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordumusunun qazandığı tarixi Qələbədən söz açıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz — əsgər və zabitlərimizin qanları, canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Müstəqil Azərbaycan dövləti əbədi olacaq və həmin şəhidlər də ürəklərdə əbədi yaşayacaqlar.

Tədbirdə çıxış edən iki şəhid anası-İntiqamın və Aprel döüşlərinin cəsyr döyüşçüsü Nurlanın anası Ziba xanım övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən, uşaqlıqda onlara söylədiyi nağıllardan danışıb. Qeyd edib ki, nağıl qəhrəmanlarının ömrü az olur. Övladları az ömür yaşasa da şərəflə yaşayıb, torpaq uğrunda şəhid olublar. Onların adı əbədi qalacaq tarixdə…

Çıxış edənlər-Milli Məclisin deputatı, Professor Anar İsgəndərov, Qarabağ döyüşçüsü, qazi İslam Əzimov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Bildirilib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ilk ad gününü qeyd etdiyimiz İntiqam kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Qeyd olunub ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.

Şəhid anaları — ötən payız Ermənistan-Azərbaycan arasında 44 gün davam etmiş müharibədə həlak olan hərbçilərdən biri Xudayar Yusifzadənin anası İradə xanım, Bakıdan gələn, şəhid Sübhanın anası Mehriban Əbdürrəhmanova və başqaları ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallının icra başçısına təşəkkür etdilər.

Abidə kompleksinin önünə təzətər çiçəklər düzüldü.

Sonra Viləşdən olan şəhidlərin, o cümlədən ad gününü qeyd etdiyimiz Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin

kənd qəbiristanlığındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, məzarlarının üzərinə qərənfillər düzülüb.

Sonra tədbir şəhid qardaşların böyüyüb boy atdığı evdə davam etdirilib.

Masallı Dövlət Kolleci tələbə və müəllim kollektivi tərəfindən şəhidlərin xatirəsinə aktyor Cəmaləddin Əliyevin həsr edilən «Ölümümə inanma» ədəbi-bədii kompozisiya nümayiş olunub. 

Tədbirdə Viləş kənd tam orta məktəbinin müəllim və şagirdləri də qəhrəmanlara, şəhidlərimizə, Vətənə həsr olunan şerlər səsləndiriblər.

Qeyd edək ki,İntiqam Əsgərli16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olmuşdur.1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil almışdır.

Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır.

2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirmiş, 2014-cu il Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlamışdır.

2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu bitirmişdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-dəğ Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa iatiqamətində gedən döyüşlərdə, döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Bayram oğlu Əsgərli ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərli ölümündən sonra «Şuşanın azad olunmasıəna görə» medalı ilə təltif edildi.

Masallı şəhərinin mərkəzində İntiqam Əsgərlinin adına küçə var.

İntiqam ailəli idi. İki övladı, Nur və İntiqam Vətənə yadigar qalıb...

Keçidlər