“Böyük qayıdışın ilk addımları” mövzusunda tədbir
Masallı rayon Heydər Əliyev Mərkəzində karantin rejiminin tələblərinə riayət olunmaqla “Böyük qayıdışın ilk addımları” mövzusunda tədbir keçirilib.
Tədbirə başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mühazirə ilə çıxış edərək bildirib ki, Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı, avqustun 23-də Cəbrayıl və Füzulini, avqustun 31-də isə Qubadlını işğal etdikdən sonra şəhərlərdə və kəndlərdə yaşayış evlərini, ictimai binaları, o cümlədən məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Kənd və şəhərlərimiz 30 il davam edən işğal dövründə erməni vandallığının qurbanı olub. Diqqətə çatdırılıb ki, ötən ilin payızında Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində bu rayonlarımız işğaldan azad edilib. Ağdam, Füzuli, Cəbrayıl şəhərlərindən demək olar ki, əsər-əlamət qalmayıb, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib. Lakin Prezident İlham Əliyevin apardığı düşünülmüş, uğurlu iqtisadi-siyasi kurs sayəsində tezliklə o torpaqlar öz tarixi və əzəli-əbədi sakinlərinin yenidən yaşayış məskəninə çevriləcək. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Cəbrayıl, Ağdam, Füzuli və Qubadlı rayonlarının ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.