Masallıda “9 Noyabr- Dövlət Bayrağı günü” qeyd olundu
06 noyabr 2015-ci il tarixdə Masallının şəhər Bayraq meydanında Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayonun hüquq mühafizə, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və minlərlə rayon sakini iştirak etmişdir.
Tədbirdə “Dəfinə” məktəb liseyinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasov qeyd etdi ki, üçrəngli milli dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş və 1920-ci ilin aprelinə qədər dövlət rəmzi kimi istifadə olunmuşdur. Sovet dövründə o, Azərbaycan SSR-in bayrağı ilə əvəz edilmişdir.
Cümhuriyyət bayrağı rəsmi olaraq Azərbaycan ərazisində Naxçıvan MR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasında ADR-in bayrağı Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan ictimaiyyətinin tələbi ilə Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu vermişdir.
1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü ADR-in varisi elan edərkən onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını qəbul etmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
Tədbirdə məktəblilərin və bağça uşaqlarının ifasında Azərbaycançılığı, dövlətçiliyi, vətənpərvərliyi tərənnüm edən mahnılar, kompozisiyalar səsləndi. Uşaq-yeniyetmələr Azərbaycanın bütün dövlət rəmzləri təsvir olunan Bayraq meydanında dövlət himninin və "Koroğlu" uverturasının sədaları ilə üçrəngli Azərbaycan bayrağının ətrafında dövrə vurub şerlər demişlər.
Sonda Masallı Xalq Teatrının aktyorları ədəbi-bədii kompozisiya və Masallı şəhər Heydər Əliyev Mərkəzinin rəks kollektivi “Azərbaycan” musiqisinin sədaları altında rəqs edərək tədbirə yekun vurmuşlar.