Hişkədərə Şəhid İbrahim Lələyev anıldı
25 avqust 2021-ci il tarixdə Hişkədərə kəndində İkinci Qarabağ şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin doğum günü qeyd olundu.
Anım tədbirində Masallı RİH başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və aparatı, mədəniyyət işçiləri, dini icma qurumları, QMİ-nin qazıları, kənd sakinləri, ayrı-ayrı kəndlərdəki şəhid ailələri və media nümayəndələri, dostları, yaxınları iştirak ediblər.
İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə bu kənddə doğulub.
2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhəninTərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə vuruşub.
Azərbaycan Ordusunun əsgəri olan İbrahim Lələyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın Silahlı Qüvvələri ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidilklə vuruşub.
İbrahim Lələyev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masalllı rayonunun Hişkədərə kənd qəbiristanında böyük izdihamla dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Həzrətqulu oğlu Lələyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.
Şəhid İbrahim Lələyevin məzarı bu gün kənd sakinlərinin və uzaqdan gələnlərin ziyarətgaına çevrilmişdir.
Sonra tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov şəhidin ad günündə iştirak və çıxış edərək, rayon rəhbəri cənab Şahin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra M.Hüseynov qeyd edib deyib ki, Hişkədərə kəndində gənclərin vətənpərvərlik ruhu yüksəkdir. Birinci Qarabağ müharibəsində şəhid olan Elşad Aşur oğlu Ağayev «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib. Azərbaycan Prezideni, Ali Baş Komandan İlham Əliyev səfərbərlik elan edən kimi onlarca hişkədərə gənci mənfur erməni torpaqlarımızda qovmaq üçün cəbhəyə yollandı. Onların arasında İbrahim də olub. O, 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. 44 günlük müharibədə 4 nəfər şəhidlik zirvəsinə yüksəldi. Müharibə xalqımızın birliyi nəticəsində Qələbə ilə başa vuruldu. Bu birlik bu gün də davam edir.
Hişkədərə kənd tam orta məktəbinin tarix müəllim Bahadur Abdullayev İkinci Qarabağ şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 10 oktyabr 2020-ci ildə şəhidin nəşi Hişkədərə kəndində izdihamla dəf olundu.
Tədbirdə çıxış edən QMİ-nin Masallı rayonu üzrə qazısı Hacı Ağa Rəşid Talıbov, iki şəhid anası-Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı İntiqamın və Aprel döyüşlərinin cəsur əsgəri Nurlanın anası Ziba xanım Əsgərova, şəhidin əmisi Mehdi Lələyev, RİH yanında İctimai Şuranın sədri, «Tərəqqi» medallı veteran jurnalist Əyyub Mehdiyev və başqaları, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım Həşimova
və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Bildirilib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ilk ad gününü qeyd etdiyimiz İbrahim kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq. Qeyd olunub ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və ad gününə gələnlər şəhidin gül-çiçəyə bələnmiş məzarına qərənfillər düzdülər.
Masallı Dövlət Kolleci tələbə və müəllim kollektivi tərəfindən şəhidlərin xatirəsinə aktyor Cəmaləddin Əliyevin həsr edilən «Ölümümə inanma» ədəbi-bədii kompozisiya nümayiş olunub.
Uşaq bağçasının balaca fidanları şəhidlərə həsr edilmiş şeirləri əzbərdən söylədilər.
Sonra tədbir şəhidin böyüdüyü evdə, ata ocağında davam etdirilib, ehsan verilib.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!