«YAŞIL QIZIL» MASALLIYA QAYIDIR…
Ölkəmizin çayçılıq ənənələrini dünyanın 40-dan artıq ölkəsində tanıdan doğma çay “Azerçay”ın istehsalı üçün yetişdirilən məhsulun növbəti – 3-cü yığımına başlanılıb. Bu ilin sonuna qədər sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.
Çay ustaları çay yığımını əsasən Masallı rayonunda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə, gözəl və əsrarəngiz təbiəti olan qeyd etdiyimiz Kolatan kəndi ərazisində, «Sığaçola» adlanan sahədə 100 hektara yaxın ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyasında aparılır. «Yaşıl qızıl» mütəxəssisləri tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımi aqrotexniki tədbirlər diqqətlə həyata keçirilib. Hazırda həmin çay plantasiyalarında üçüncü dəfə çay yığımına başlanıb.
Bundan əlavə, qeyd etmək yerinə düşər ki, Lənkəran və Astara rayonunda çay fabriklərinin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir.
Ümumilikdə 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial rifah halının yüksəldilməsinə mühüm dəstək verilir. İnsanların əsas gəlir mənbəyi sayılan çayçılığın inkişafı onlar üçün əlavə motivasiya qaynağı olaraq qalır.
Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən 100 faiz təbii doğma çay “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır və “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır. İstifadə edənlər bilirlər ki, Masallı torpağnın ətri də bürünüb həmin çay yarpaqlarına… Masallı dağlarının ətrini, dadını daşıyan həmin doğma çay qəlbləri oxşayır, min bir dərdin dərmanına çevrilir. Masallının «yaşıl qızıl» ustaları ürəklərini qoyub, dərdikləri yarpaqları çeşidləyir, təzədən yoxlayır və emaı müəsissələrinə, çay fabriklərinə yollayırlar.
Əlləriniz yorulmasın, Masallının çay dərən qızları. Məhsulunuz bol olsun. Siz çayın əvvəlki şöhrətini təzədən gözəl Masallı təbiətinə, yurdumuza qaytarırsınız...