Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşar Nuri - 70

07 sentyabr 2021 | 16:00

Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli səhnə ustası Yaşar Nurinin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib


Masallı rayon Mərkəzi Kitabxanasında xalq artisti, tanınmış aktyor Yaşar Nurinin anadan olmasının 70 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən Kitabxana direktoru Əlhəddin Nəzərov özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı Yaşar Nurinin aktyor ailəsində dünyaya göz açdığını və atası Məmmədsadıq Nuriyevin də Azərbaycan kino və teatr səhnəsində çoxsaylı rolların mahir ifaçısı olduğunu deyib. Qeyd olunub ki, sevə-sevə izlədiyimiz “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehirli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların usta ifaçısına çevrilib.

Sonra Kitabxana əməkdaşı Ağahüseyn Hüseyni məruzə ilə çıxış edərək Yaşar Nurinin ilk dəfə on bir yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnədə rol aldığını və televiziyada “Yelkən” verilişinin aparıcısı olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, səhnə ustası “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmayıb. Əlavə olunub ki, dəyərli sənətkar müxtəlif dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən dərs alıb. Diqqətə çatdırılıb ki, görkəmli aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub, oynadığı rollar ona geniş tamaşaçı rəğbəti qazandırıb. Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yadda qalan obrazların görkəmli ifaçısı olub. Bildirilib ki, böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız bir çox filmlərdə rol alıb. O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Keçidlər