Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı
Masallının Mahmudavar kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub
16 sentyabr 2021-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan «Şəhidlər abidəsi»nin açılışı olub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, SHXÇDX-nin rayon şöbəsinin, Gənclər və İdman idarəsinin və Gənclər evinin kollektivinin, şəhid ailələri, qazilər, hərbiçilər və müharibə iştirakçılarının, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin, şəhidlərin yaxınları, kənd sakinləri, həmçinin media nümayəndələrinin iştirak etdiyi anım tədbirindən öncə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən, Vətən uğrunda şəhid olan oğulların xatirəsi ehtiramla yad edilib.
Sonra tədbir iştirakçıları şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları-Məşhur Məmmədov və Professor Anar İsgəndərov, şəhid ailələri-Famil Məmmədov və Akif Qasımov, Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Elşad Nəsirov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva və başqaları Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən geniş danışıblar.
Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının, hər bir vətəndaşının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, yaraşıqlı, zövqlə, ürəklə ucaldılmış və bu kənddən olan 1941-1945-ci illər Böyük Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin adları, soyadları, atalarının adları yazılmış və şəkilləri təsvir olunmuş «Şəhidlər abidəsi»nin ərsəyə gəlməsində RF Sankt-Peterburq şəhərində yaşayan sahibkar, əslən mahmudavarlı Əliabbas Kərəm oğlu Nəsirov və kənd sakini Maarif Seyfulla oğlu Nəbiyevin xüsuci əməyi var.
Anım mərasimində Mahmudavar kənd uşaq bağçasının balaca fidanlarının ifasında Vətənə məhəbbət hissilə yoğrulmuş poeziya buketi təqdim olunub.
Gələcəkdə bura məktəb bitirənlərin, təzə evlənənlərin, bütün kənd sakinlərinin, gələn qonaqların əbədi xatirə yeri, heç vaxt yaddan çıxmayan guşəsi olacaq…