MASALLI ŞƏHƏR ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI KEÇİRİLİB
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı yanvarın 30-da Masallı şəhər Gənclər Mərkəzində keçirilmişdir.
Hesabat yığıncağında Masallı RİH-nin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Vəfadar Bağırov, hüquq mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak etmişlər.
Əvvəlcə Masallı şəhər inzibati ərazi dairəsinin nümayəndəsi Kamal Mazanov hesabat məruzəsi ilə çıxış etmişdir.
Natiq qeyd etmişdir ki, Masallı şəhər inzibati ərazi dairəsi özündə 5 yaşayış məntəqəsini – Masallı şəhər, Dadva, Seybətin, Digah və İsgəndərlini birləşdirir. Masallı şəhərinin ərazisi 1706 ha, əhalinin sayı 23732 nəfər, təsərrüfatların sayı isə 4369-dur. Şəhər ərazisində 6 tam orta ümumtəhsil məktəbi, 1 litsey, 4 uşaq bağçası, 1 incəsənət məktəbi, 1 Uşaq yaradıcılıq mərkəzi, 3 Uşaq-Gənclər idman məktəbi, 4 istirahət parkı, bayraq meydanı, xatirə parkı, 4 bazar, 5 şadlıq evi, 10 məscid, müxtəlif dövlət və qeyri dövlət müəssisələri, Avtovağzal, Mehmanxana, 5 yanacaq doldurma məntəqəsi, İdman Olimpiya Kompleksi, “EMBAWOOD” Mebel fabriki, Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu və digər əhəmiyyətli obyektlər yerləşir.
Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini “Yerli icra hakimiyyəti haqqında əsasnamə”yə uyğun olaraq təsdiq olunmuş illik və rüblük iş planları əsasında qurmuşdur .
Son illərdə Masallı şəhərinin görünüşü günü-gündən dəyişmiş, yeni xiyabanlar və parklar salınmış, küçə və yollar genişləndirilmiş, yeni işıqlandırma sistemləri quraşdırılmış, piyada yolları müasir tipli plitələrlə örtülmüşdür.
Belə ki, şəhərin baş planına əsasən Heydər Əliyev prospektinin Seybətin dairəsindən başlayan hissəsində yenidənqurma işləri həyata keçirilmişdir.
Şəhərin Talışxanov prospektində, Füzuli, Zərifə Əliyeva və I Dadva küçələrində genişləndirmə işləri aparılmış, yeni hasarlar çəkilmişdir. Qarabağ küçəsi boyunca piyada yolları yenidən qurulmuş və müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Hal-hazırda həmin küçələrdə abadlıq işləri davam etdirilir.
Talışxanov prospektində, Nizami parkının ərazisində yerləşən rayon Mədəniyyət evinin inzibati binası əsaslı təmir edilmiş, Gənclər Mərkəzi və Masallı şəhər 3 saylı uşaq baxçasının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Hal-hazırda Bayraq meydanı ərazisində xatirə kompleksinin tikintisi yekunlaşmış və ərazidə abadlıq işləri aparılır. Heydər Əliyev parkında yerləşən Heydər Əliyev Mərkəzinin, Azərbaycan küşəsində Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının yeni inzibati binalarının tikintisi həyata keçirilir.
Masallı şəhərinin görünüşünü dəyişən, xüsusi gözəllik verən işlərdə gürülməkdədir ki, bu xüsusi qeyd edilməlidir. Belə ki, Masallı şəhərinin Heydər Əliyev prospekti 30, 36 və 38a saylı 2 mərtəbəli 3 yaşayış binasının, C.Cabbarlı küçəsi 31, 33, Qarabağ küçəsi 24, Heydər Əliyev prospekti 60, 61 saylı binaların dam örtüyü yenisi ilə əvəz edilmişdir. Ötən il ərzində güclü külək nəticəsində ziyan dəymiş 21 kommunal binanın dam örtükləri cari təmir edilmişdir. Qarabağ küçəsində 16, 26, 37 saylı çoxmənzilli yaşayış binalarının həyətində və Zərifə Əliyeva küçəsində yerləşən 4 saylı binanın arxa hissəsində sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün kiçik park salınmışdır. Bununla yanaşı Qarabağ küçəsi 9 və 11 saylı binaların arxa hissəsində yerləşən köhnə, yöndəmsiz tikililər sahibləri tərəfindən sökülmüş və yerində yaraşıqlı kiçik park salınmışdır. Hal-hazırda həmin ərazidə abadlıq işləri həyata keçirilir. Obyektləri sökülmüş sahibkarlara müvafiq yer ayrılmış və orada şəhər görkəminə uyğun tikililər inşaa olunur.
Masallı Su Kanal idarəsi tərəfindən 42 çoxmərtəbəli yaşayış binasına xidmət göstərilir. Su və kanalizasiya xidməti üzrə 1300 abonentlə müqavilə bağlanılmışdır. Bir neçə kommunal yaşayış binalarının zirzəmilərinin çirkab su ilə dolu olması, binadaxili kanalizasiya xətlərinin köhnə olması kommunal xidmətlərin yığılmasında çətinliklər yaratmışdır. Bu məsələ ilə əlaqədar 2012-ci il ərzində bir neçə kommunal binaların daxili və xarici kanalizasiya xətləri təmir edilmiş və yararsız vəziyyətdə olan xətlər yenisi ilə əvəz edilmişdir. Bu sahədə hələki problemlər mövcuddur.
Kanalizasiya nasos qurğularının texniki vəziyyətinə nəzarət edilir və şəbəkə kanalizasiya xətlərində borular və lyuklar təmizlənmiş, 8 kommunal binaların şəbəkə kanalizasiya xətləri osanizator maşını ilə yuyulmuşdur.
Ərkivan-Yusifli su mənbəyindən şəhərin mərkəzinə gələn su xətlərində təmir işləri aparılmış, nasos və mühərriklər təmir edilərək tam işlək vəziyyətinə gətirilmişdir. Şəhər ərazisində müəyyən olunmuş yerlərdə tikilmiş bulaqlara verilən içməli su ilə əhali vaxtlı-vaxtında təmin edilmişdir.
Ötən ilin iyun ayından başlayaraq Eser şirkəti tərəfindən Masallı şəhərində içməli su və mərkəzi kanalizasiya xəttlərinin çəkilişləri həyata keçirilmiş və hal-hazırda şəhərin bir çox küçələrində yeraltı su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırılmışdır. Mərkəzi su və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı zamanı yararsız hala düşmüş Qarabağ, Füzuli, Zərifə Əliyeva, Elşad Hüseynov, I Dadva, C.Cabbarlı, Azərbaycan, N.Nərimanov küçələrinə qum-çınqıl tökülərək əhalinin gediş-gəlişi təmin edilmişdir. İcra hakimiyyətinin inzibati binasının arxa hissəsindəki küçəyə və şəhər 1 saylı tam orta məktəbin qarşı tərəfindəki küçəyə asfalt örtüyü vurulmuşdur.
2012-ci il ərzində Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin kollektivi tərəfindən istər görülən işin həcmi, istərsə də keyfiyyətinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.
Birliyin maddi-texniki bazası Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları tərəfindən 2008-ci ildə rayonumuza hədiyyə edilmiş 4 ədəd texnika, 2010-cu ilin oktyabrında verilmiş 1 ədəd zibil daşıyan maşın, 1 ədəd çirkab suları çəkib daşıyan maşın və 1 ədəd yol süpürən avtotraktor təşkil edir. Ötən il Birliyin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə 1 ədəd zibil daşıyan maşın ayrılmışdır.
2012-ci ildə birliyin yerinə yetirdiyi təmizləmə işlərinin həcmi artmışdır. Bərk tullantıların həcminin artması əsasən əhali sektoru üzrə olmuşdur. Hal-hazırda gündəlik olaraq əhali sektorundan daşınan bərk tullantıların həcmi 85-90 m3 təşkil edir.
Birliyin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar birliyin nəznində yığım şöbəsi yaradılmışdır. Bu şöbə qısa müddət ərzində kadrlarla təmin edilərək fəaliyyətə başlamışdır.
Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinin nəznində yaradılmış yaşıllaşdırma sahəsi də ağacların budanması və suvarması ilə məğul olurdusa, hal-hazırda şəhərdə yaşıllıqların salınması ilə güllük təsərrüfatının inkişaf etdirilməsi məqsədilə ayrılmış torpaq sahəsində tinglik təsərrüfatı yaratmışdır. Indiki vəziyyətdə tinglik təsərrüfatında qızılgül, feyxoa, limon rəngli yolka, yapon əzgili, eldar şamı, yolka və digər ağac və gül kolları yetişdirilir. Bunların bəzilərindən əkin materialları kimi istifadə olunur. Tinglik ərazisi hasara alınmış, darvaza qoyulmuş və xidməti otaq düzəldilmişdir.
2012-ci ildə şəhər ərazisində yerləşən obyektlərə rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən reydlər keçirilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılmasından ötəri təkliflər verilmiş, sanitar norma və qaydaları tələblərinə əməl etməyən cavabdeh şəxslər barəsində inzibati cərimə protokolları tərtib edilmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan sanitar və əks epidemik profilaktik mübarizə tədbirlərinin nəticəsidir ki, ötən dövr ərzində əhali arasında kütləvi qida zəhərlənməsi və toksikoinfeksiyası qeydə alınmamışdır.
Hesabat dövrü ərzində qanunsuz tikililərin qarşısının alınması, zəbt olumuş torpaqların azad edilməsi istiqamətində şəhər bələdiyyəsi ilə birlikdə müntəzəm olaraq işlər aparılmışdır. Belə ki, qanunsuz tikinti işləri aparan şəxslər barəsində müvafiq aktlar yazılmış və inzibati komissiyaya təqdim edilmişdir. Zəbt olunmuş torpaqlarla bağlı 52 nəfər şəhər bələdiyyəsinə rəsmi müraciət etmişdir. Edilmiş müraciətlər əsasında qanuni sənədləşmə işləri həyata keçirilmişdir.
Masallı şəhər ərazisində 6 tam orta ümumtəhsil məktəbi, 1 litsey və 4 uşaq baxçası yerləşir. 2012-ci ildə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən şəhər ərazisində yerləşən orta ümumtəhsil məktəblərində şagirdlərin, baxçalarda isə uşaqların davamiyyəti ilə əlaqədar mütəmadi olaraq yoxlamalar aparılmışdır. Orta ümumtəhsil məktəblərində aparılmış yoxlamalar zamanı 10-11-ci siniflərdə davamiyyətin aşağı səviyyədə olması müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq məktəb direktorları ilə birlikdə şagirdlərin valideynləri ilə görüşülmüş və dərsə davamiyyətin yaxşılaşdırılması istiqamətində izahi işlər aparılmışdır. Məktəblərdə davamiyyətin yoxlanılması ilə yanaşı yuxarı sinif şagirdlərinə “erkən nigahın acı nəticələri, “narkomaniya-genefondumuzun bəlasıdır” devizi altında maarifləndirmə işləri aparılmışdır. Bu işdə bizə ağsaqqallar, ziyalılar, din xadimləri, sahə müvəkkilləri yaxından köməklik göstərmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrinə əsasən 2012-ci il üçün Masallı şəhəri Azərbaycanın Folklor Paytaxtı elan edilmişdir. Folklor ili çərçivəsində müxtəlif rəqs kollektivləri rəngarəng tədbirlərdə uğurla çıxış etmişdilər. Folklor ili çərçivəsində ən böyük tədbir isə Masallı şəhərində keçirilən Beynəlxalq Folklor festivalı olmuşdur. Festival ərəfəsində “Halay” və digər kollektivlər, Naxçıvanın “Şərur” ansamblı, Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar folklor qruplarının ifaları Masallılara xoş təsir bağışlamışdır.
2012-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “İdman ili” elan olunması respublikamızda, o cümlədən şəhərimizdə də idmanın inkişafına böyük təkan vermişdir. Qeyd olunan Sərəncamın icrası ilə əlaqədar olaraq artıq Masallı şəhərində Boks, Taekvando mərkəzlərinin tikintisi yekunlaşmaq üzrədir. Ötən ildə Masallı şəhərində rayon və Respublika səviyyəli idman yarışları keçirilmişdir. Bu yarışlarda Masallı şəhərindən olan idmançılar uğurlu çıxışlar etmişdilər.
2012-ci il ərzində Masallı şəhərində hərbi çağırış yüksək səviyyədə həyata keçirilmişdir. Hərbi xidmət keçmək üçün yaşı düşən hər bir gənc vaxtı-vaxtında hərbi həkim komissiyasından keçmiş və hərbi xidmətə yola salınmışdır. Yola salma mərasimlərində hər bir gəncin valideynləri, yaxınları, dostları iştirak etmiş və onlar yüksək sevinc hisləri ilə hərbi xidmətə yola salınmışlar.
Masallı rayonunun kənd təsərrüfatı rayonu olmasına baxmayaraq sahibkarlığın yaratdığı münbit şərait nəticəsində rayonda, o cümlədən şəhər ərazisində sahibkarlıq surətlə inkişaf etmiş, bunun nəticəsində sənaye və istehsal müəssisələrinin sayı artmışdır.
Belə ki, ölkə və ölkə hüdudlarından kənarda öz istehsalı ilə məşhur olan “EMBAWOOD” mebel fabriki, “Nur-M” konserv zavodu, “Fəxrəddin-K” kərpic zavodu, müxtəlif çörək və şirniyyat sexləri və digər sexlər yaradılmışdır. Adları sadalanan müəssisələrin yaradılması Masallı şəhərində işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmişdir.
2012-ci ilin mart ayının 13-də cənab Prezident İlham Əliyevin Masallı rayonuna səfəri zamanı Masallıda “Masera” MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında iştirak etmişdir.
Regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallı şəhərində 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən də istifadə etməklə istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılmışdır.
“Masera” MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan cənab Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını vermişdir.
“Yaşıllıq və ağac əkmə” kompaniyası ilə əlaqədar Masallı şəhərində, xüsusilə Viləş çayının şəhər ərazisinə düşən hissəsində çoxlu ağaclar əkilmişdir.
2013-cü il üçün qarşımızda bir sıra vəzifələr durur. Belə ki, qarşıdan gələn aylarda Boks və Taekvando Mərkəzlərinin, Heydər Əliyev mərkəzinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inzibati binalarının, Veteranlar evinin istifadəyə verilməsi, kanalizasiya və su xətlərinin işi tam başa çatdıqdan sonra Füzuli, Zərifə Əliyeva, Qarabağ və Azərbaycan küçələrinə asfalt örtüyünün vurulması, Qurtuluş, Həzi Aslanov küçələrində piyada yollarının və işıqlandırma sistemlərinin yenidən qurulması, Viləş çayının şəhər ərazisindən keçən hissəsində gənclər parkının salınması nəzərdə tutulmuşdur.
2013-cü il Azərbaycan Respublikasında Prezident seçkisi ilidir. Seçkilərin keçirilməsi üçün Masallı şəhər ərazisində 10 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin tərkibi formalaşdırılmış, seçici siyahısında dəqiqləşmələr aparılmışdır. Uçotu aparılmış əhali arasında aktiv seçicilərin sayı 12165 nəfər olmuşdur. Masallı şəhər sakinləri keçirilmiş seçkilərdə həmişə aktivlikləri ilə fərqlənmişlər. Bu ildə sakinlər keçiriləcək prezident seçkisində aktiv iştirak edib öz layiqli namizədinə səs verəcəklər.
Masallılılar bütün dövrlərdə dövlətçiliyə, ümummilli liderin siyasi kursuna sadiq olmuşdur. Bu gündə belədir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyərək Masallılılar bundan sonra da müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsinə və daha da çiçəklənməsinə öz layiqli töhvələrini verəcəkdir.
İcazə verin Sizi əmin edim ki, nümayəndəlik bundan sonra da şəhərin sosial problemlərinin həll edilməsinə nail olacaq, Sizin verdiyiniz tapşırıq və sərəncamları vaxtında yerinə yetirəcəkdir.
Sonra ayrı-ayrı şəhər sakinlərindən Namiq Zeynallı, Ələşrəf Niftiyev ağsaqqallardan Gənci Bağışov, Rafiq Bağırov ziyalılardan Mirqabil Hüseynov, Yeganə İsmayılova, Rayon Mərkəzi xəstəxananın baş həkimi Cəlil Nəzərov, Mənzil kommunal təsərrüfatı çoxsahəli istehsal müəssisəsinin rəisi Tofiq Feyzullayev və başqaları çıxış edərək nümayəndəliyin 2012-ci ildə gördüyü işləri qənaətbəxş hesab edərək bir sıra təkliflər irəli sürmüşlər, qarşıdan gələn Prezident seçkilərində bir nəfər kimi möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcəklərini əminliklə bildirmişlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Vəfadar Bağırov çıxış edərək vurğulamışdır ki, ötən il nailiyyətlər ili kimi yadda qalmışdır. Birgə addımladığımız bu illərdə qazandığımız nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına və onun apardığı daxili və xarici siyasətə xalqın inamı və dəstəyi sayəsində mümkün olmuşdur. Keçən illərdə sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları və konsepsiyaları uğurla həyata keçirilmişdir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət daha da möhkəmləndi. Xalqımızın istək və arzularına söykənən siyasətin davam etdirilməsi ölkəmizin tərəqqisi yolunda geniş yollar açdı. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi potensialının inkişafında, respublikanın müdafiə qüdrətinin yüksəldilməsində xidmət etməyə qadir gənclərin yetişdirilməsində cənab İlham Əliyevin xidmətləri danılmazdır. Məhz onun sayəsində bu gün Respublikamızda gənclər arasında siyasi fəallıq artmışdır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mavafiq sərəncamı ilə 2012-ci il ölkəmizdə idman ili elan edilmişdir. Respublikamızın hər yerində yeni idman bazaları inşa edilmiş, gənclərimizin idmanla məşğul olmasına şərait yaradılmışdır. Bunun nəticəsidir ki, 2012-ci ildə ölkəmiz bir neçə beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etmişdir. London Yay Olimpiya Oyunlarında qazanılan uğurlarımız Azərbaycanda gənclərə və idmançılara göstərilən diqqət və qayğının təzahürüdür. Ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanda idmanın inkişafının və Beynəlxalq aləmdə nüfuzunun göstəricisidir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı” respublikamızın hər yerində olduğu kimi, Masallı şəhərində də inkişafa, tərəqqiyə geniş imkan yaratmışdır.
Hesabat yığıncağında çıxış edən Masallı RİH-nin başçısı Rafil Hüseynov 2012-ci ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır.
İcra başçısı daha sonra ötən ildə ölkəmizin ictimai-siyasi, iqtisadi və idman sahəsində qazanılmış uğurlardan danışmış, statistik rəqəmləri diqqətə çatdırmış, son doqquz ildə ölkəmizdə makroiqtisadi inkişafın üç dəfə artmasından bəhs etmiş, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş yeni layihələr və proqramlardan söz açmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində Masallı da aparılmış genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri barədə də ətraflı çıxış etmiş, 2013-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə veriləcəyini əminliklə vurğulamışdır.