Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında Gəncə şəhərində

17 noyabr 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncəyə gedən Masallı rayonunun IX-XI sinif şagirdləri noyabrın 17-də qədim Nizami yurdu ilə tanışlığa Qoşa qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzey-Kompleksindən başladılar.
  Məktəblilər muzey-komplekslə yaxından tanış oldular. Burada şagirdlərə məlumat verildi ki, möhtəşəm dəmir darvazalar Gəncə-Bakı magistral yolunun 7 kilometrliyində inşa edilən, qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanan kompleksə xüsusi əzəmət verir. Burada daş dövründən tutmuş, XX əsrin əvvəllərinə aid eksponatlara rast gəlmək mümkündür.
Məktəblilər dördmərtəbəli qala divarlarının salonlarını gəzərək eksponatlara baxdıqdan sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə gəldilər. Burada şagirdlərə məqbərənin inşasının tarixi, şairin 870 illik yubileyinin keçirilməsi haqqında dövlətimizin başçısının imzaladığı Sərəncamdan sonra məqbərə ətrafında görülən yenidənqurma işləri barədə ətraflı məlumat verildi. Məktəblilər məqbərə önündə xatirə şəkli çəkdirdikdən sonra Nizami Gəncəvi muzeyində şairin dövrünü əks etdirən eksponatlara baxdılar.
Gəncə ilə tanışlıq Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam” tarixi-memarlıq abidəsində, həmçinin Cavad xan küçəsində və Xan bağında davam etdirildi. Tanışlıq zamanı cənub bölgəsinin məktəbliləri həmyaşıdları ilə söhbətlər edərək özlərinə çoxlu dostlar qazandılar.

Keçidlər