Vətən Müharibəsi Şəhidi leytenant Zaur Hüseynovun anım mərasimi
Masallının Hişkədərə kəndində Vətən müharibəsinin şəhid leytenantı Zaur Hüseynovun ildönümü ilə bağlı anım mərasimi keçirilib.
27 Sentyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş leytenant Zaur Vaqif oğlu Hüseynovun birinci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin anadan olduğu Hişkədərə kəndində baş tutub.
Zaur Hüseynov 24 iyun 1995 — ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
Kənd tam orta məktəbinin 9-cu sinfini, C.Naxçıvanski adına hərbi liseyini bitirmişdir.
İki il əvvəl Hərbi Akademiyanı bitirib “N” saylı hərbi hissədə xidmətə başlamışdı.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
İgid zabitimiz idarə etdiyi BMP-si ilə düşmənin bir neçə müdafiə istehkamını məhv etmişdir.
2020-ci il sentyabrın 27-də, Füzuli istiqamətində gedən şiddətli döyüşlərin birində, Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan müharibədə, elə sentyabrın 27-də qəhrəmancasına şəhid olmuşdur.
Sentyabrın 28-də şəhid Zaur Hüseynovun nəşi doğma kəndində torpağa tapşırılmışdır.
Ailəli idi. Bir qız uşağı yadigar qaldı...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Hişkədərə kəndindən olan Vətən müharibəsinin şəhidi leytenant Hüseynov Zaur Vaqif oğlu ölümündən sonra «Vətən uğrunda», «Döyüşdə fərqlənməyə görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri,Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar və s. iştirak ediblər.
Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
Mərasində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən, 44 gün ərzində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışılıb. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
Mərasimin axırında Hişkədərə kənd qəbiristanında uyuyan şəhid Z. Hüseynovun məzarı ziarət olunub, «Yasin» surəsi oxunub.