Şəhid İbadov Cavad Cabir oğlunun ailə üzvləri və şəhidin məzarı ziyarət edilib
27 sentyabr Anım gününün ölkənin bütün rayon və şəhərlərində qeyd edilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Masallı Rayon İcra Hakimiyyətinin 27 sentyabr Anım günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq, Vətən müharibəsində canını fəda etmiş şəhid İbadov Cavad Cabir oğlunun ailə üzvləri və şəhidin məzarı ziyarət edilib.
Sentyabrın 25-də Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Mərkəzin əməkdaşları Gülcahan Vəkilzadə və Çingiz Quliyev ziyarət tədbirində iştirak ediblər.
Görüşdə bildirilib ki, dövlətimiz Vətən müharibəsində şəhid olan və ya yaralanan hərbi qulluqçularımızın ailələrini daim diqqət mərkəzində saxlayır. Şəhidlik zirvəsinə ucalan hər bir igidimizin şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Qəhrəman döyüşçülərimiz orden və medallarla təltif olunub.
A. Qafarova belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulacağını bildirib. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib.
Şəhid ailələləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməyə görə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.