Şəhid əsgər Kənan Şahbazovun anım mərasimi
Masallının Kəlbəhüseynli kəndində Vətən müharibəsinin şəhid əsgəri Kənan Şahbazovun il mərasimi keçirilib.
02 oktyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər Kənan Şahbazovun il mərasimi şəhidin evində baş tutub.
Kənan Şahbazov 2020-ci ilin iyul ayında Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə çağırılıb. Üç aya yaxın idi ki, hərbi hissədə xidmətə başlamışdı...
Azərbaycan Ordusunun əsgəri Kənan Şahbazov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzuli rayonu istiqamətində ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, 02 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Subay idi...
Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və rayon rəsmiləri iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Kəlbəhüseynli kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Kənan Şahbazov ölümündən sonra «Vətən uğrunda» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhidin il mərasimində Masallı RİH başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar və s. iştirak ediblər.
İl mərasimində, gün ərzində Çaxırlı kənd qəbiristanında uyuyan şəhid əsgər Kənan Şahbazovun məzarı ziyarət olunur, məzarı üstündə «Yasin» surəsi oxunur.
Qeyd edək ki, il mərasimi günlərində rayon ərazisində olan bütün məscidlərdə də, səsgücləndiricilər vasitələrlə şəhidlərin ruhuna «Yasin» surəsləri oxunur.