Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Xalq teatrında "Müəllim ömrü" kompozisiyası

05 oktyabr 2021 | 16:00

Masallı Xalq teatrında "Müəllim ömrü" kompozisiyası ifa olunub.

Oktyabrın 5-də Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin birgə tərəfdaşlığı ilə hazırlanmış "Müəllim ömrü" adlı onlayn ədəbi-bədii kompozisiya oynanılıb. 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan kompozisiyada teatrın üzvləri ilə bərabər, Kollecin müəllim və tələbələri də iştirak edib.

Teatrın rejissoru Cəmaləddin Əliyev ilk olaraq, kompozisiyanın xarakterini açıb, sonra peşə bayramları münasibətilə müəllimləri təbrik edib. Kollecin direktor müavini Dilarə Hüseynova isə məruzə ilə çıxış edib. O, nitqində müəllimlik sənətini şərəfli və müqəddəs peşə kimi səciyyələndirib və müəllimliyin məziyyətlərindən bəhs edib. Vətən müharibəsində təhsil işçilərinin də iştirak etdiyini qeyd edən D. Hüseynova, həmçinin təmsil olunduğu Kollecin bir çox tələbə və məzunlarının döyüşlərə könüllü qatıldığını, onların arasında şəhidlərin də olduğunu bildirib.

Təbrik nitqlərindən sonra səhnə heyəti öz ifalarına başlayıb. Kompozisiyada mizan tədris prosesi şəklində qurulub və səhnə işinin süjeti müəllim və şagird münasibətlərini əks etdirib. Eyni zamanda, müəllim peşəsinin yüksək amallara xidmətini vurğulayan monoloqlar deyilib, şeirlər səsləndirilib.

Səhnə ifalarından sonra Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzulayıb. Rəis sonra qarşılıqlı səmərəli əməkdaşlığa görə Kollecin rəhbərliyinə İdarənin "Fəxri Fərman"ını təqdim edib.

Keçidlər