Şəhid əsgər Musa Mustafayevin anım mərasimi
07 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Xoşçobanlı kənində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Musa Əlövsət oğlu Mustafayevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Musa Mustafayev 23 mart 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olmuşdur.
2007 ci ildə M.Qarayev adına Sığıncaq kənd orta məktəbinin birinci sinfinə daxil oilmuş, 2016-cı ilədək bu məktəbdə doqquzuncu sinfə qədər təhsil almışdır. Elə həmin il Cəlilabad rayonundakı Göytəpə qəsəbəsində yerləşən texniki litseyə qəbul olunmuş, 2019-cu ildə isə həmin litseydə geniş profilli traktorçu-maşinist, çilingər-sürücü ixrtisasına yiyələnmişdir.
Daha sonra Musa Mustafayev 2019 — cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlamışdır. Keçən ilin yanvar ayında Ordudan evə tərxis olunacaqdı. Amma...
Azərbaycan Ordusunun əsgəri Musa 2020-ci il sentyabrın 27-də məqsədinə nail olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı, II Qarabağ döyüşlərində, Füzulinin azadlığı uğrunda gedən vuruşmalarda böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
Cəsur əsgər 19 yaşında, oktyabrın 6-da Füzuli döyüşləri zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
7 oktyabr 2020-ci il tarixdə Xoşçobanlı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Masallı rayonunun Xoşçobanlı kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Musa Əlövsət oğlu Mustafayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.