Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Şəmsəddin Təhməzovun anım mərasimi

08 oktyabr 2021 | 16:00

08 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Güllütəpə kənində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.

Şəmsəddin Sərvər oğlu Təhməzov 3 mart 2001-ci il tarixdə Azərbaycan Respublikası Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur.
2007-ci ildə Yeni Zuvand kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. İbtidai təhsilini həmin məktəbdə alıb.
Sonralar ailə vəziyyəti ilə əlaqədar Beyləqan rayonuna köçdükləri üçün təhsilini Beyləqan şəhər 1 nömrəli tam orta məktəbində davam etdirmişdir.

2016-cı ildə IX sinifi bitirdikdən sonra təhsilini yarımçıq qoymuş,  əmək fəaliyyətinə başlamışdır. İşləyə — işləyə valideynlərinə maddi dəstək olmuşdur.

2019-cu ilin aprel ayında SHXÇDX-nin Masallı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

Hərbi xidmətini Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlamışdır.

Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı  təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.

İgid əsgərimiz Şəmsəddin Təhməzov Ana Vətən müharibəsi uğurunda başlanan döyüşlərdə yüksək qəhrəmanlıq nümunəsi göstərmişdir.

Tərtər rayonu istiqamətində gedən döyüşlərdə  düşmənlərə qarşı mərdliklə vuruşmuşdur.

Cəsur həmyerlimiz oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

8 oktyabr 2020-ci il tarixdə Güllütəpə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Masallı rayonunun Güllütəpə kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Şəmsəddin Sərvər oğlu Təhməzov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.

Keçidlər