Şəhid əsgər Elmir Akifzadənin anım mərasimi
09 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Banbaşı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elmir Çingiz oğlu Akifzadənin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, icra başçısı Ş.Məmmədov geniş məruzəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Elmirin qəhrəmanlıq yolundan danışıb.
Elmir Çingiz oğlu Akifzadə 1 sentyabr 1997-ci ildə Masallı rayonunun Banbaşı kəndində anadan olmuşdur.
Ailənin tək oğlu olan Elmir 2004-cü ildə Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbin birinci sinfinə getmiş, təhsilini Bakı şəhəri 246 nömrəli tam orta məktəbdə davam etdirmişdir.
Daha sonra 2008-ci ildə yenidən Banbaşı kənd Cavanşir Qasımov adına tam orta məktəbinə qəbul olunmuş və 2015-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.
2015-ci ilin oktyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunun “N” saylı hərbi hissəsində xidmət etməyə başlamışdır.
Aprel döyüşlərində iştirakından sonra Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.
Hərbi xidmətdən qayıtdıqdan sonra, 2018-ci ildə Rusiya Federasiyasının Kazan şəhərinə yollanan Elmir elə həmin ildə də Kazan Dövlət Universitetinin Maliyyə - İqisad fakültəsinə daxil olmuşdur.
2020-ci ilin iyul aynda mənfur düşmənin ölkəmizə hücumu məruz qalan zaman Tovuz döyüşlərində iştirak emək üçün Kazan şəhərində, təhsil aldığı Univeristeti yarımçıq qoyub Azərbaycana geri dönərək Vətənini erməni faşizimindən azad etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə müraciət etmişdir.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan yaraqlıları Azərbaycanın Füzuli, Cəbrayıl, Tərtər, Ağdərə istiqamətlərində Azərbaycan ordusunun mövqelərinə, kəndlərimizə iriçaplı silahlardan, ağır artilleriyadan istifadə edərək, genişmiqyaslı təxribatlara yol açmışlar. Azərbaycan silahlı qüvvələri təxribatın qarşısını almaq üçün əks-hücumla düşmənə ağır zərbələr endirmişlər.
Cəsur gənc Elmir 2020-ci ilin sentyabr ayının 29-da məqsədinə nail olaraq II Qarabağ döyüşlərində qatılmış və Füzuli rayonun azad olunmasında böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.
2020-ci il oktyabrın 7-də Xocavənd-Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Qeyd edək ki, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin Azərbaycanın mətin ordusu tərəfindən azad olunmasından bir il ötür...
9 oktyabr 2020-ci il tarixdə Banbaşı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Masallı rayonunun Banbaşı kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Elmir Çingiz oğlu Akifzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medallı ilə təltif edilmişdir.
Eyni zamanda, il mərasimində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid əsgər Elmir Çingiz oğlu Akifzadənin adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və icra başçısına dərin minnətdarlığını bildirib.