Şəhid əsgər İbrahim Lələyevin anım mərasimi
11 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri İbrahim Həzrətqulu oğlu Lələyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, və s. iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, icra başçısı Ş.Məmmədov geniş məruzəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan İbrahimin qəhrəmanlıq yolundan danışıb.
İ.Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
2002-2014-cü illərdə şəhid Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb.
6 İyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidməti Qazax rayonunun Kəmərli kəndində yerləşən «N» saylı hərbi hissədə keçirib. 2016-cı il aprel döyüşlərində iştirak edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.
İbrahim oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.10 oktyabr 2020-ci il tarixdə Hişkədərə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və icra başçısına dərin minnətdarlığını bildirib.