Şriftin ölçüsü :

Saytın rəngi :

Jurnalistikamızın üz qaraları

25 noyabr 2015 | 16:00

Onlar şantaj və təhqirdən də çəkinmirlər
Bu gün Azərbaycanın ictimai-siyasi həyatı kifayət qədər informasiya yüklüdür. Yəni hadisələrin sürəti, onun cərəyan etdiyi ərazi, şərait, bir sözlə, baş verənlər istər-istəməz çox qısa bir zaman kəsiyində gündəmə çevrilir. Və bu da öz növbəsində həm şaxələnir, həm də müxtəlif formalara da düşə bilir. Təbii ki, burada əsas həmin informasiyanı gündəmə gətirən, ictimailəşdirən şəxsin və yaxud media qurumunun özəl və peşə marağıdır.
Bax, bu mənada dezinformasiyaların yayılması da indi qaçılmaz olub. Çünki bugünün demokratik mühiti, söz azadlığı qeyri-peşəkarların da mediada müəyyən mövqeyə, nüfuza malik olması və yaxud da medianın gücündən öz maraqları üçün istifadə etməsinə şərait yaradır. Elə ona görə də istər Azərbaycan Mətbuat Şurası, istər onun tərkibində fəaliyyət göstərən nəzarət və digər bölmələri, bütövlükdə isə peşəkar jurnalist ordusu demək olar ki, hər addımda sözdən, mediadan, xüsusilə İnternet mediadan öz ambissiyaları üçün yararlanan və etik normaları pozaraq jurnalist əxlaqı ilə düz gəlməyən çıxışlara qarşı davalı mübarizə aparır. Təbii ki, bu mübarizə bir günlə, bir bəyanatla başa çatıb aradan qaldırılan deyil. Ən azı ona görə ki, nəzərdə tutulan həmin "qrup media" reket juranlistikasının artıq bütün abır-ismətini itirmiş təmsilçiləridi. Onlar üçün özəl maraq hər şeydən üstündü və şantaj, yalnış informasiya yaymaq, təhqir etmək və digər yolverilməz bütün hallar bu qurumun əsas "silah"ıdır.
Elə bugünlərdə redaksiyamızın ünvanına Masallı rayon İcra Hakimiyyətindən sanballı bir qovluq daxil olub. Sənədlərlə tanış olanda gördük ki, bizə ünvanlanmış bu sənədlərin bir çoxunun surəti Azərbaycan Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova da göndərilib.
Biz Masallı İcra Hakimiyyətinin göndərdiyi bu sənədlərin içərisində məhkəmə hökm və qərarları ilə də qarşılaşdıq. Həmin qətnamənin biri cari ilin yanvar ayının 12-də rayon məhkəməsinin hakimi Nemət Musayev tərəfindən çıxarılıb. Maraqlıdır ki, Masallı Rayon Məhkəməsinin həmin qətnaməsi Şirvan Apellyasiya Məhkəməsində də öz qüvvəsində saxlanılıb. Hər iki məhkəmə qətnaməsində bildirilir ki, "JAM.az" saytının baş redaktoru Fikrət Fərəməz oğlu İbişbəyli Masallı rayon İcra Hakimiyyətinin başçısını, onun ailə üzvlərini, ümumiyyətlə isə rayonda aparılan işləri qara eynəklə görür və şantaj, təhqir vasitələrindən istifadə etməklə onların ictimai nüfuzuna, şərəf və ləyaqətinə kölgə salır. Elə ona görə də məhkəmənin qətnaməsi ilə Fikrət Fərəməz oğlu İbişbəyli 5000 (beş min) manat cərimə olunmuşdu. Və ona tutduğu yoldan çəkinmək, təkzib vermək xəbərdarlığı verilmişdir. Buna baxmayaraq, Fikrət Fərəməz oğlu İbişbəyli öz əməllərini davam etdirmiş və nəticədə 16 oktyabr 2015-ci il tarixdə təkrar məhkəmə baxışında hakim Anar Alməmmədovun çıxardığı hökmlə 1 il islah işi cəzası, eləcə də 3000 (üç min) manat məbləğində pul cəriməsi çıxarılmışdır. Çox təəssüf ki, Mətbuat Şurasına, məhkəməyə dəfələrlə edilən müraciətlər, hətta Fikrət Fərəməz oğlu İbişbəylinin Respublika Baş Prokurorluğuna çağırılması (JAM.az saytının baş redaktorunu) onun əməllərindən çəkinməsinə təsir edə bilməmişdi. Görünür Azərbaycan İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisasına yiyələnmiş Fikrət Fərəməzoğlunu iqtisadi məsələlər daha çox özünə çəkir. Ona görə də o, görülən cəza tədbirlərindən, məhkəmə qərarlarından arxayınlıqla yan keçir.
Elə bugünlərdə Mətbuat Şurasının sədri cənab Əflatun Amaşova ünvanlanan başqa bir məktubda da bildirilir ki, "İbişbəyli Fikrət Fərəməzoğlunun qanunsuz hərəkətləri barədə səlahiyyətiniz daxilində qanunamüvafiq tədbir görməyinizi Sizdən xahiş edirik".
Bəli, bu gün reket jurnalistikası ilə bağlı aparılan geniş müzakirələr, konfranslar, hətta qara siyahılar belə hələlik öz sözünü ünvanına çatdıra bilməyib. Ona görə də jurnalistika adını qaraldanlar, ləkələyənlər öz qara, ləkəli əməllərindən əl çəkmirlər. Düşünürük ki, bu proses artıq ən ciddi şəkildə dayandırılmalıdır. Çünki söz azadlığından, yaradılmış şəraitdən ancaq öz maraqları üçün yararlananlar böyük sözə də, böyük jurnalistikaya da real təhlükədirlər. Təhlükəni isə qanunun ən sərt gücü ilə aradan qaldırmaq, dayandırıb durdurmaq səlahiyyət sahiblərinin əsas vəzifələrindən birincisidir. Məhz təkcə Masallı Rayon İcra Hakimiyyətində və bu məsələ ilə bağlı rayon ziyalılarının müraciətində qaldırılan məsələ kifayət edir ki, qara piar edənlərin qarşısında nöqtə yox, çox sərt bir durmaq, dayanmaq işarəsi qoyulsun. İnanırıq ki, Azərbaycan Mətbuat Şurası və eləcə də digər aidiyyəti orqanlar nəhayət ki, jurnalistikanın reketçilikdən, qaragüruhdan, xüsusilə İnternet medianın təhqir və şantajından xilas etmək mexanizmini tapacaq və bunu gerçəkləşdirəcəkdi. Yəqin onda Fikrət Fərəməzoğlunun və onun kimi "işləyən jurnalistlərin" kitabı bağlanacaq.
"Ədalət"

Keçidlər