Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda şəhidin doğum günündə adına xatirə-bulaq kompleksi açılıb

18 oktyabr 2021 | 16:00

Oktyabrın 18-də, “Azərbaycan Bayrağı” ordenli şəhid baş leytenant Sahib Şirəliyevin doğum günündə Masallı rayonunun Ərkivan qəsəbəsində onun adına inşa edilmiş bulağın açılışı olub.

Bu münasibətlə keçirilən mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın dövlətçilik tarixində şərəfli yer tutan Müstəqilliyin Bərpası Günündə keçirilən tədbirdən əvvəlcə torpaqlarımızın işğaldan azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidə-bulaq kompleksinin açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb: ”Ötən ilin sentyabrında elan edilən qismən səfərbərlik çağırışını böyük ruh yüksəkliyi və coşqu ilə qarşılayan masallılar bu gün qürurlanmaqda, başlarını dik tutmaqda haqlıdırlar. Sahib Şirəliyev kimi igid oğullarımızın sayəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Zəfər Gününü tarixə yazdıq. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq...”

Xüsusi təyinatlı qrup komandiri, şəhid Sahib Şirəliyevin döyüş yolundan, vətənə vurğunluğundan danışan Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, ağsaqqal Mirkərim Əliyev Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Sahib kimi igidlərimizin şərəfli ömür yolunun gənclərə nümunə olduğunu bildiriblər.

Şair Həsən Qaradağlı şəhidə həsr etdiyi şeiri səsləndirib.

Şəhidin atası Yusif Şirəliyev çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Abidə-bulağın açılışından sonra igid Vətən oğlunun qəsəbə qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Məlumat üçün bildirək ki, “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medallı şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyev Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) anadan olub. Yaşasaydı, oktyabrın 18-də 26 yaşı tamam olcaqdı..

Keçidlər