Masallıda Şura iclası
19 oktyabr 2021-ci il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.
Şura iclasında daxil olmuş müraciətlər əsasında Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel İntiqam oğlu Əkbərovun bir sıra qanunsuz əməlləri müzakirə olunmuşdur.
Belə ki, Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbinin müəllimlərinin müraciətləri əsasında aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, cari tədris ilində məktəbdə tədris planı üzrə dərs bölgüsü aparılarkən mövcud təlimati tələblər gözlənilməmiş, pedaqoji şurasının Əsasnaməsinə uyğun olaraq dərs bölgüsünün məktəb rəhbərliyi tərəfindən aparılaraq pedaqoji kollektivdə müzakirə edilməli olduğu halda, buna əməl olunmayaraq bu iş qanunsuz olaraq Masallı rayon Təhsil şöbəsinin müdiri Taryel Əkbərov tərəfindən aparılmış, eləcə də müəllimləri qəbul edərkən etik-davranış qaydalarını kobud şəkildə pozmuş və digər faktlar öz əksini tapmışdır.
Əlavə olaraq T.Əkbərovun digər məktəblərdə də müxtəlif qanun pozuntularına yol verdiyi müəyyən olunmuş, vakant yerlərin qanunsuz olaraq, şəxsi maraqlarına xidmət etməsi üçün gizlətməsi və.s qanuna zidd hərəkətlərə yol verdiyi müəyyən olunmuşdur.
Aparılmış müzakirələr zamanı yuxarıda qeyd olunan şikayətlər öz təsdiqini tapmış, işində verdiyi nöqsanlara, vəzifə səlahiyyətlərini aşma və etik davranış qaydalarını pozduğuna görə rayon Təhsil şöbəsinin müdiri Tariyel İntiqam oğlu Əkbərova ”Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini, 25.1 və 25.2.1-ci maddlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8 və 6.8-ci bəndlərini rəhbər tutaraq intizam qaydalarına uyğun olaraq “töhmət” elan olunmuşdur.
Eyni zamanda Şura iclasında Masallı rayon Təhsil şöbəsinin müdiri Tariyel İntiqam oğlu Əkbərov Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 19 oktyabr 2021-ci il tarixli Qərarına əsasən Masallı rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvlüyündən xaric olunmuşdur.