Masallıda Gənclər günü qeyd edilmişdir.
02 fevral 2013-cü il tarixdə Masallı rayonun “02 fevral – Azərbaycan Gəncləri günü”nə həsr olunmuş ümumrayon tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə təzə gül dəstələri düzmüşlər.
Sonra tədbir Masallı rayon Gənclər Mərkəzində davam etmişdir. Tədbirdə əvvəlcə Azərbaycan respublikasının dövlət himni səslənmişdir.
Tədbiri giriş sözü ilə Rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq “02 fevral – Gənclər günü” münasibətilə bütün gəncləri ürəkdən salamlamış, gəncliyin hər bir nümayəndəsinə cansağlığı, xoşbəxtlik və doğma Azərbaycanın gələcəyi naminə fəaliyyətində yeni nailiyyətlər arzulamışdır. Sonra natiq 2012-ci il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri, “Azərbaycan gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramının, Nazirlik və rayon rəhbərləri tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq keçirilən tədbirlərdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi – mədəni irsimizin, dilimizin qorunması, milli mənəvi dəyərlərimizə sahib çıxması, istedadlı gənclərin üzə çıxarılması, gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, gənc ailələrin sosial reabilitasiyası, sağlam həyat tərzinin təbliği, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması və s. kimi mühüm əhəmiyyətli sahələrdən danışaraq bildirmişdir ki, 1996-cı il fevralın 2-də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi həmin dövrdə başlamış böyük dövlət quruculuğu işlərinə daha sıx cəlb etmək məramından irəli gəlirdi. Bir il sonra forumun birinci ildönümü ilə əlaqədar bir qrup gənci qəbul edən Prezident Heydər Əliyev elə həmin günün, yəni fevral ayının 2-sinin Azərbaycan Gəncləri günü elan edilməsi haqqında sərəncam imzaladı. 16 ildir ki, məhz bu gün təkcə gənclərin yox, Azərbaycanın parlaq gələcəyini gənclərdə görən bütün xalqımızın sevinc və təntənə ilə qeyd etdiyi bayrama çevrilib.
Sonra Rayon İH Başçısının müavini Nəsir Müxtarlı , YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digər natiqlər çıxış edərək qeyd etmişlər ki, böyük dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənclərə həmişə böyük diqqət və qayğı göstərmiş, haqlı olaraq ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi kimi bu təbəqəyə böyük etimad göstərmiş və inanmışdır.
Tədbirdə Rayon İncəsənət ustaları geniş konsert proqramı ilə gəncləri salamlamışdı.
Tədbirdə bir qrup fəal gənc rayon İcra hakimiyyəti başçısının və rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Sonda gənclər Bakı-Astara yolunun Masallı rayonu ərazisindən keçən hissəsində ağacəkmə aksiyasında iştirak etmişdilər. Ağacəkmə kampaniyasında 250-yə yaxın ağac əkilmişdir.