Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Vüsal Hadıyevin anım mərasimi

22 oktyabr 2021 | 16:00

22 oktyabr 2021-ci il tarixdə Masallı şəhərində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Vüsal Balarəzi oğlu Hadıyevin anım mərasimi keçirilmişdir.

Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri-Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, şəhər sakinləri iştirak etmişlər.

İcra başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Vüsal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, Vüsal, təkcə Balarəzinin yox, bütün Azərbaycanın, dünya Azərbaycanlılarının övladıdır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən son inşaat işləri haqqında məlumat verən rayon rəhbəri buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmişdir.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Vüsal Balarəzi oğlu Hadıyev 18 oktyabr 2000-ci ildə Lənkəran şəhəri Gəgiran kəndində anadan olmuşdur.
Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçmüşlər.
İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbində alır. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunmuşdur.
2019-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlamışdır.

Vətən müharibəsinin başladığı ilk günlərdən etibarən döyüşlərdə iştirak etmiş və 5 oktyabr 2020-ci il tarixdə Ağdərə uğrunda döyüşlərdə şəhid olmuşdur.

22 oktyabr 2020-ci il tarixdə Masallı şəhər məzarlığında dəfn olunmuşdur.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilmişdir.

Şəhid Vüsal Hadıyevin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
İl mərasimində şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülmüşdür.

Keçidlər