Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Məhəmməd Vəliyevin anım mərasimi

23 oktyabr 2021 | 16:00

     23 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun İmanlı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Məhəmməd Nail oğlu Vəliyevin il mərasimi təşkil edilmişdir.

      İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları-Məşhur Məmmədov və Ppofessor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, həmçinin kənd sakinləri, media nümayəndələri iştirak etmişlər.

     Rayon rəsmiləri əvvəlcə İmanlı kəndinin mərkəzində şəhidin şərəfinə ucaldılmış abidə-bulaq kompleksini ziyarət etmişlər.

     Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Məhəmməd və onun kimi şəhidlərimizin ruhunun daim, hər gün yad edildiyini qeyd edərək, Allahdan Məhəmməd balamıza, bütün şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan şəfa, döyüşçülərimizə can sağlığı diləmişdir.
    Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində bizim dərdimizə şərik olan dost və düşmən ölkələri qeyd edərək demişdir: «Məhəmməd və onun kimi şəhidlər bizə Ana torpağımızı, əyilən vüqarımızı, qürurumuzu qaytarmışdır. Həmin şəhidlər əbədi olaraq hər birimizin qəlbində yaşayacaqlar. Allah Məhəmməd balamıza, bütün şəhidlərimizə rəhmət eləsin...»
      Qeyd etmək yerinə düşər ki, Məhəmməd Nail oğlu Vəliyev 27 iyun 1996-cı ildə İmanlı kəndində anadan olmuşdur. 2003-cü ildə Binə Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirmişdir. Orta təhsilini başa vurduqdan sonra-2014-cü ilin oktyabr ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır. Azərbaycan Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət etmişdir. 2016-cı ilin aprel  ayında ordu sıralarından tərxis olunmuşdur.

     Azərbaycan Ordusunun əsgəri Məhəmməd Vəliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Quvadlı rayonlarının alınması uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.

    Şəhid əsgər Məhəmməd Vəliyevin nəşi 23 oktyabr 2020-ci il tarixdə Sarıcəfərli kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.

    Məhəmməd ailəli idi. Əkiz uşağı yadigar qalmışdır-bir oğlu və bir qızı...

    M.Vəliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

    İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
    Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon rəhbərinə öz dərin minnətdarlığını bildirib.

Keçidlər