Masallıda “Şəhidlik manifesti” kitabının təqdimatı
Oktyabrın 27-də Masallı rayon Heydər Əliyev Mərkəzində yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə güllər düzülüb.
Mövcud pandemiya qaydaları gözlənilməklə keçirilən tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
“Yeni həyat” qəzetinin əməkdaşı xəbər verir ki, təqdimatdan əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirib ki, Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində yeni tarixə imza atan igidlərimiz az yaşasalar da şərəfli ömrə sahib oldular. Qələbəni bizə bəxş edən qəhrəmanlarımızı hər kəs tanımalıdır.
Yeni nəşrin təqdirəlayiq addım olduğunu vurğulayan rayon rəhbəri “Şəhidlik manifesti”nin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirərək belə kitabların şəhidlərimizin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətindən bəhs edib, bu cür qəhrəmanlıq salnamələrinin tədris ocaqlarında təbliğinin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin üzvləri Məşhur Məmmədov, Anar İsgəndərov, “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, iki şəhid anası Ziba Əsgərova bildiriblər ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinə həsr olunan abidə və bulaqların açılması, şəhid məzarlarının müqəddəs ziyarətgaha çevrilməsi, onların şərəfli həyat və döyüş yolunun yaddaşa köçürülməsi hər birimizin vətəndaşlıq borcudur. Ərazi bütövlüyümüz uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” kitabı yeni nəslə parlaq bir töhfədir.
Kitabın müəllifi həmyerlimiz, yazıçı-publisist Nurəddin Ədiloğlu yazı prosesi zamanı, şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan və s-dən danışıb, kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib.
Çıxışlarda bildirilib ki, kitaba tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş Masallı rayonunun mərd oğulları – 61 şəhid əsgər və zabiti haqqında bədii-publisistik məqalə və esselər, o cümlədən ümumilikdə Qarabağ uğrunda savaşda həlak olan 246 döyüşçü haqqında xronoloji məlumat daxil edilib.
Kitabın ərcəyə gəlməsində müəllifə, Milli Məclisin deputatı Məşhur Məmmədova, Masallı Təhsil Fondunun əməkdaşlarına, RİHM İB-nin sədri Arzu Bağırovaya, zəhməti olan hər kəsə minnətdarlıq bildirilib.
Sonda şəhid ailələrinə və təqdimat mərasimi iştirakçılarına kitabın nüsxələri hədiyyə edilib, müəllif N.Ədiloğuna və RİHM İB-nin sədri A.Bağırovaya Masallı rayon İcra Hakimiyyətinin başçısının Fəxri fərmanları təqdim olunub.