Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın şanlı tarixi

27 oktyabr 2021 | 16:00

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər tariximiz” layihəsi çərçivəsində “Azərbaycanın şanlı tarixi” mövzusunda növbəti tədbir keçirilib. Karantin rejiminin tələblərinə riayət olunmaqla, Masallı şəhər “Dəfinə” məktəb-liseyində keçirilən tədbirdə Mərkəzin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, tədbirdə Mərkəzin direktoru Dilbər İbayeva çıxış edərək 44 günlük Vətən müharibəsi ilə əlaqədar “Zəfər tariximiz” layihəsi çərçivəsində gerçəkləşdirilən silsilə tədbirlər haqqında məlumat verib. O, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqlarımızın, eləcə də qürur simvolumuz olan Şuşanın azad edilməsinin tarixi əhəmiyyətindən danışıb.

Sonra Heydər Əliyev Mərkəzinin əməkdaşları Şəfa Xəlilova və Gülcahan Vəkilzadə çıxışlarında 44 günlük Vətən müharibəsinin xronologiyasını ardıcıllıqla şagirdlərin nəzərinə çatdıraraq, Azərbaycan Ordusunun Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etməsi və peşəkarlıqla işğalçıları tarixi torpaqlarımızdan qovmasından, şəhidlərimizin intiqamını düşməndən artıqlaması ilə alan igidlərimizdən və Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyinin Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etməsindən söz açıblar.

Sonda Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Çingiz Quliyevin vətənpərvərlik mövzusunda hazırladığı video-çarxa baxış keçirilib.

Keçidlər