“Xarici dilləri Duolingo ilə öyrənək” layihəsi
“Xarici dilləri Duolingo ilə öyrənək” layihəsi çərçivəsində tanıtım tədbirləri keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Xarici dilləri Duolingo ilə öyrənək” layihəsinin tanıtımı və ilkin seçim turu üçün Masallı rayonu üzrə 10 məktəbdə (Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbi, F. Xancanov adına Musaküçə kənd tam orta məktəbi, S. Xəlilov adına Qızılağac 1 saylı tam orta məktəbi, Bədəlan kənd tam orta məktəbi, Dəmirçi kənd ümumi orta məktəbi, E. Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi, Z. Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbi, C. Qasımov adına Bambaşı kənd tam orta məktəbi, Masallı şəhər 3 saylı tam orta məktəbi) görüşlər keçirilmiş və şagirdlərə layihə barədə məlumat verilmişdir. Layihə rəhbəri İlahə Əlili layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və xarici dilləri öyrənməyin faydaları barədə qısa məlumatlar diqqətə çatdırıb. Layihə rəhbəri çıxışında bildirib ki, elm və texnikanın inkişaf etdiyi bir dövrdə artıq təkcə ana dilini bilmək bizə kifayət etmir. Əlbəttə ki ana dilini bilmək, ana dilində mükəmməl danışmaq Azərbaycan Respublikasının vətəndaşı olaraq hamımızın borcudur lakin xarici dilləri öyrənmək önümüzə yeni qapılar açır. Son dövrlər hər bir sahədə rəqabətin olması dil bilənlərin bu rəqabətdə bir pillə öndə olmasına gətirib çıxarır. Layihə rəhbəri həmçinin qeyd edib ki , xarici dilləri öyrənmək üçün müxtəlif üsullar var. Bu üsullar arasında hal-hazırda ən məhşur üsullardan biri pulsuz proqramlardır. Pulsuz proqramlar içərisində ən çox yüklənən proqram Duolingo proqramıdır. Duolingo proqramı bütün dünyada 300 milyondan çox istifadəçisi ilə öyrənməni əyləncəli bir hala gətirən, ən çox tələbat olan təhsil platformalarından biridir. Məktəb rəhbərləri çıxış edərək Təhsildə İnkişaf və İnnovasiyalar üzrə grant müsabiqəsinin əhəmiyyətini xüsusi vurğulayaraq layihə rəhbərinə və iştirakçılara uğurlar arzuladıqlarını bildirdilər.
Qeyd edək ki, layihənin məqsədi xarici dil biliyi olan şagirdlərin digər xarici dilləri öyrənməsi üçün Duolingo proqramının dərinliklərinə yiyələnməsini təmin etmək və şagirdlərin içindəki yaradıcılıq bacarığını, fikir bildirmə mexanizmini ön plana çıxarmaq, şagirdlərin dili təkcə test işləyə bilməsi üçün deyil eyni zamanda dinləmə, yazma, oxuma, tələffüz bir sözlə tam təkmil formada öyrənməsinə nail olmaqdır.