Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Əli Quliyevin anım mərasimi

29 oktyabr 2021 | 16:00

29 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Bağıroba kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əli Turac oğlu Quliyevin anım mərasimi keçirilmişdir.

İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.

İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əli və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, heç kim şəhidlərin ruhunu incidə bilməz. Ona görə ki, Əlilər bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Təsəllimiz budur ki, Əli, təkcə Turacın yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Əli balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəga diləyirəm...

Cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Masallı rayonunun icra başçısı geniş nitqqində həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkında inşa edilən Şəhidlər xiyabanında görülən son inşaat işləri haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər bir kəsə minnətdarlıq ifadə etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı məlumat üçün bildirir ki, Əli Turac oğlu Quliyev 20 oktyabr 2001-ci ildə anadan olmuşdur.
Altıncı sinfə qədər təhsilini İranın Məşhəd şəhərində almışdır. Bundan sonra o, ailəsi ilə birlikdə doğma ünvana - Masallı rayonunun Böyük Kolatan ərazisinə, Bağıroba kəndinə köçmüşdür. Təhsilini şəhid Simran Rzayev adına Kolatan kənd tam orta məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbdə orta təhsilini başa vurmuşdur.

Vətənə olan borcunu yerinə yetirmək üçün ordu sıralarına yola düşən Əli hərbi xidmətinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlamışdır.

Azərbaycan Ordusunun əsgəri olan Əli Quliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.

Məhz sentyabrın 27-dən başlayan Vətən müharibəsində düşmənin bir neçə postunun alınmasında fəal iştirak etmişdir. İgid döyüşçü oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalmışdır.

29 oktyabr 2020-ci ildə Böyük Kolatan kənd qəbiristanlığında böyük izdihamla dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid əsgəri Əli Turac oğlu Quliyev ölümündən sonra «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

Şəhid Əli Quliyevin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallının icra başçısına dərin minnətdarlığını bildirmişdir.

İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Əli Quliyevin  məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə çiçəklər düzülmüşdür.

Keçidlər