Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatında Ulu öndər Heydər Əliyev anıldı

04 dekabr 2015 | 16:00

04 dekabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmasını, ölkənin hərtərəfli inkişafa nail olmasını, dövlət müstəqilliyini əbədi və dönməz etməsini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə məruzə ilə çıxış edən YAP Masallı rayon təşkilatının Şura üzvü Qardaş Fətullayev qeyd etdi ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.  Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Onun siyasəti milli maraqlar üzərində qurulmuşdu. Xalqımızın və dövlətimizin elə bir problemi olmamışdır ki, həmin problemləri kimsə Heydər Əliyev yüksəkliyində dərk etmiş olsun.
Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırmalarında Heydər Əliyevin adının birincilər sırasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi. Təkcə belə bir faktı göstərmək kifayətdir ki, Brazilyanın "Planetin səsi" qəzeti doqquz dövlətin jurnalistlərinə "dünyanın hansı üç super siyasətçisinin adını çəkə bilərsiniz" sualını vermiş və altı dövlətin jurnalistləri birinci olaraq ümummilli lider Heydər Əliyevin adını çəkmişdir. Ulu öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, onun rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Dünya siyasətçiləri, beynəlxalq içtimaiyyət və xalqımız bu dahi insanı Heydər Əliyev olduğuna görə deyil, vətən və dövlət qarşısında gördüyü böyük işlərə, dünyada təhlükəsizliyin qorunmasına, düzgün və pozitiv inkişafa çalışdığına, siyasi və ictimai fəaliyyətinə görə qiymətləndirmişdir. Bu səbəbdəndir ki, dünyanın ən görkəmli siyasi xadimləri, dövlət rəhbərləri, tanınmış elm və mədəniyyət nümayəndələri Heydər Əliyev şəxsiyyətini yüksək qiymətləndirmiş, ondan çox şey öyrəndiklərini bildirmişlər. Onun haqqında deyilən söz, verilən qiymət bu gün də, sabah da lazımdır, bunlar tariximizin yaddaşına köçürülməlidir Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi  onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də "sülh dili" ilə nəinki danışmağı bacarırdı, onlara da bunu aşılaya bilirdi. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərir ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Xalqımız qarşıya çıxan hər hansı bir çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Bu, on illərllə formalaşmış fikirdir, özü də doğru və düzgün fikirdir. Ölkəmizin fəxri, mili iftixarımız və liderimiz olan Heydər Əliyev bütün problemlərin həll olunmasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Çünki o, bir neçə on il bundan sonra görəcək işləri bu gün həyata keçirməyi bacaran nadir keyfiyyətlərə malik uzaqgörən siyasətçi və təcrübəli dövlət xadimi idi. Onun siyasəti ölçülüb-biçilmiş, gələcəyə ünvanlanmış siyasət idi. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli davamçısı cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Tədbirdə çıxış edən Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, YAP Masallı rayon təşkilatı GB-nin üzvü Rövşən Muxtarov və başqaları bildirdilər ki, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır . Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarına həmişə sadiq qalacaq və onun siyasi xəttini həmişə ləyaqətlə davam etdirəcəkdir.

Keçidlər