Masallı Mərkəzi Kitabxanasında “Şəhidlik manifesti” kitabının təqdimatı
Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabxana əməkdaşları, muzey işçiləri və qazilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, “Şəhidlik manifesti” kitabı millət vəkili Məşhur Məmmədovun şəxsi təşəbbüsü və maliyyə dəstəyi ilə nəşr olunub.
Kitabxana əməkdaşları Rasif Dadaşov və Ağahüseyn Hüseyni vurğuladılar ki, kitabda Vətən müharibəsində şəhid olmuş Masallıda və Masallıdan kənarda boya-başa çatan,ruhən bu torpağa bağlı olan Azərbaycanın şəhid əsgər və zabitləri haqqında bədii-publisistik məqalələr daxil edilmişdir. Kitaba eyni zamanda,İkinci Dünya Müharibəsində iştirak edən və Birinci Qarabağ müharibəsində şəhid olmuş Masallı oğulları barədə məlumatlar salınmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, sonra D.Əliyeva adına AQHMCİB-nin İnsan Haqları və QHT-lərin İnkişafı Resurs Mərkəzi Cənub Regional şöbəsinin sədri Ələsgər Hüseynov Vətən müharibəsində qazanılan tarixi zəfərdə milli birlik, vətəndaş həmrəyliyinin mühüm rol oynadığını bildirib. Regional şöbənin əməkdaşı Tünzalə Qardaşova təmsil olunduğu təşkilatın qazi və şəhid ailələrinə kömək məqsədi ilə gördüyü işlərdən danışıb. Vətən müharibəsinin könüllü iştirakçısı, qazi Cavid Nuri özünün keçdiyi şərəfli döyüş yolundan, döyüşçü dostlarının, əsgər və zabitlərin misilsiz rəşadətindən söhbət açıb. Masallı şəhər 4 saylı orta məktəbin tarix müəllimi Vüsalə Həsənova Vətən müharibəsində Azərbaycanın tarixi zəfəri, şəhid və qazilər haqqında məlumatların daha geniş formada təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.