Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir
3 noyabr 2021-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı rayon bölməsi Masallı Rayon İcra Hakimiyyəti ilə birgə 8 Noyabr – Zəfər Günü ərəfəsində “Möhtəşəm qələbəmiz tariximizin Zəfər salnaməsidir” adlı tədbir həyata keçirib.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə təzətər gül dəstələri düzülüb.
Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan SHXÇDX-nin Masallı rayon bölməsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev şanlı Qələbəmizin tarixi əhəmiyyətindən, Azərbaycan əsgərinin Vətən müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərdən söz açıb. V.Rzayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarının birində söylədiyi: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir” sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən şəhid Sübhan Həsənovun atası Rauf Həsənov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayonu üzrə sədri Nahid Rəhimov, I Qarabağ və Vətən müharibələri iştirakçısı, ehtiyatda olan zabit kapitan Camaləddin Məmmədov və başqaları ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi kimi dəyərləndirdilər. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Çıxış edən Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatlarından xatirələrini danışıb, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu söyləyiblər.
Sonda aktyor Cəmaləddin Əliyevin rəhbərliyi ilə tədbirdə iştirak edən 7 nəfərdən ibarət Masallı Dövlət Regional Kollecinin tələbəsi, həmçinin Böyük Xocavar kəndindən olan kiçik yaşlı Arzu Təhməzova vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Onların çıxıçları alqışlarla qarşılanıb.
Tədbirin işində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Suqovuşanın azad olunmasına görə” medallı Qəşəm Hadıyev iştirak edib.