Masallıda şəhid valideynləri ilə görüş
Masallı Tarix-Diyarşünaslıq Muzeyində şəhid valideynləri ilə görüş keçirilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsi şəhidlərinin valideynləri və digər ailə üzvləri ilə görüş keçirilib. Əvvəlcə, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əntiqə Tağıyeva 44 günlük Vətən müharibəsi zamanı fədakarlıq göstərən, şəhidlik zirvəsinə ucalan oğulların həyat hekayələrinin yetişməkdə olan nəsillərə tanıdılması işinin vacibliyindən geniş söhbət açıb. Ə. Tağıyeva şəhid valideynlərinə ehtiram ifadə edərək şəhidlərin hər bir ölkə vətəndaşı üçün böyük qürur mənbəyi olduğunu bildirib.
Sonra Masallı Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edən Təhmasib Məcidov “Qələbə ruhlu şəhidlərimiz” mövzusunda təşkil edilən sərginin məqsədlərindən danışıb. O, fədakar övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlıq edərək, şəhidlərlə qürur duyduğunu dilə gətirib. T. Məcidov sonda sərgidə nümayiş etdirilən şəhid portretlərini ərsəyə gətirən rəssam Ehtiram Məmmədova təşəkkür edib.
Daha sonra söz iki şəhid anası Ziba Əsgərliyə verilib. O, tədbir iştirakçılarını salamladıqdan sonra igid şəhidlərimizin hər birinin eyni amal uğrunda döyüşərək xalqımıza böyük tarixi Zəfər bəxş etdiklərini qeyd edib.
Çıxışlardan sonra qonaqlar Muzey və Qalereyanın birgə təşkilatçılığı ilə şəhid portretləri və hərbçi əşyalarından qurulmuş rəsm sərgisinə baxış keçiriblər.