Şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi
06 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində 44 günlük Vətən müharibəsinin şəhid leytenantı Vüsal Aslan oğlu Məhərrəmovun anım mərasimi keçirilmişdir.
İl mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.
Rayon rəsmiləri əvvəlcə kənddə şəhidin şərəfinə ucaldılmış abidə-bulaq kompleksinin açılışını etmişlər.
İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Vüsal və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, Vüsallar bizə əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq: «Şəhidlər zirvədədir. Vüsal, təkcə Aslan kişinin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Allah xalqımızı, dövlətimizi, möhtərəm Prezidentimizi, Ali Baş Komandanı qorusun. Məhz Azərbaycan Pezidentinin dünən, 5 noyabr 2021-ci il tarixdə imzaladığı Sərəncama əsasən Masallılı, bu kənddən olan fəxrimiz şəhid leytenant Vüsal Aslan oğlu Məhərrəmov 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunmuşdur. Belə təltiflər davamlı olsun»-deyə Masallı RİH başçısı Ş.Məmmədov qeyd etmişdir.
RİH başçısı cənab Ş.Məmmədov həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Masallı rayonunun icra başçısı geniş nitqqində həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan və 8 Noyabr Zəfər Günündə Masallı şəhər Qəhrəmanlar Parkında inşa edilən Şəhidlər xiyabanı haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova və əməyi keçən hər bir kəsə minnətdarlıq ifadə etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı məlumat üçün bildirir ki, Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
1997-2001-ci illərdə Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil almişdir.
Azərbaycan Ordusunun zabiti olan Vüsal Məhərrəmov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir.
2020-ci ilin sentyabr ayının 27-dən başlanan Ana Vətən müharibəsi uğurunda savaşda, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
4 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Vüsal Məhərrəmovun nəşi doğma kənd qəbiristanında böyük izdihamla dəfn edilmişdir.
Ailəli idi.
İki oğul övladı-Nicat və Nihad Vətənə yadigar qaldı… Nicat doqquzuncu sinifdə, Nihad isə səkkizinci sinfdə təhsil alırlar.
Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsində şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 24 iyun 2020-ci il 5 noyabr 2021-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid zabiti Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra «Vətən uğrunda», «Şuşanın azad olunmasına görə» medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Şəhid zabit Vüsal Məhərrəmovun ailəsi, kənd ağsaqqalı Hacı Nəriman Qafarov, həkim Füzuli Gözəlov və başqaları hər zaman şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallının icra başçısına dərin minnətdarlığını bildirmişdir.
İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Vüsal Məhərrəmovun məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür.