Şəhid əsgər Əlisa Arif oğlu Əliyevin anım mərasimi
07 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Əlisa Arif oğlu Əliyevin il mərasimi təşkil edilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin üzvləri-Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri, media nümayəndələri iştirak etmişlər.
İcra başçısı cənab Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Əlisa Əliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, bu torpağın hər qarışı Vətəndir. Şəhidlər zirvədədir. Əlisalar ləyaqətimizi, qaürurumuzu qaytardılar. Heç kim şəhidlərin ruhunu incidə bilməz. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, Əlisa, təkcə Arifin yox, hamının övladıdır. Onun kədəri hamımızın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah Əlisa balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
Ş.Məmmədov həmçinin geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır.
Masallı rayonunun icra başçısı həmçinin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakı görülən işlər haqqında məlumat verərək, buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmişdir. Rayon rəhbəri demişdir:
-Bütün şəhidlərin hüzr məclislərində iştirak etmişəm. Onların ruhu mənimçün hər şeydən əzizdir. O Qələbəyə, o Zəfərə xələl gətirmək olmaz. Şəhidlər elə bir zirvə qazanıblar ki… Məhz onların şərəfinə ucaldılan Masallı şəhər Qəhrəmanlar Parkındakı xiyabanda hamısının şəkli asılıb. Ziyarət sabah səhər saat 10-dan başlanacaq. Axşam saatlarında Qələbə Günümüz münasibətilə şəhidlərin şərəfinə atəşfəşanlıq olacaq. Şəhid valideynləri onda qürurlanaclar ki, övladlarının xatirəsi əziz tutulur, onlar hər vaxt ziyarət olunur. Biz daha qüdrətli olacağıq. Allah xalqımızı, dövlətimizi, möhtərəm Prezidentimizi, Ali Baş Komandan cənab İlham Əliyevi qorusun.
İcra şaşçısı vacib məsələ sayılan pandemiyadan danışıb ölkə üzrə 7200 nəfərin dünyasını dəyişdiyi, Masallıda isə fəalların, mobil qrupların, həkimlərin sayəsində vaxtında qarşısı alındığından 230 minə yaxın əhalinin həyat sürdüyü rayonda bu rəqəm az itki ilə-68 nəfərin ölümü ilə nəticələndiyini diqqətə çatdırmışdır. «Bütün şəhid hüzrlərində qeyd etdiytim kimi, Qızılağac kəndinin yaşlı sakinlərindən də xahiş edirəm ki, 3-cü peyvənd dozasını vaxtında vurdursunlar. Bu, sizin sağlamlığınıza xidmət edir»-deyə Ş.Məmmədov bildirib.
Məlumat üçün bildirək ki, Əlisa Arif oğlu Əliyev 8 yanvar 2000-ci ildə Qızılağac kəndində anadan olmuşdur.
2006-2017-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır.
Masallı şəhərindəki «Dostluq» MMC-də işləyirdi...
2018-ci ildə həqiqi hərbi xidmətə yollanmış, «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur. Xidmətini yenicə bitirmişdi ki, Vətən müharibəsi başlandı.
Azərbaycan Ordusunun əsgəri Əlisa Əliyev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. Vətənini, xalqını canı qədər sevən igid əsgər 2020-ci il sentyabrın 29-da müharibəyə könüllü yollandı. Bir çox hərbi əməliyyatlarda iştirak edərək, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şücaətlə vuruşdu. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə, 6 noyabr 2020-ci il tarixdə Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaatan mərmisinin dəyməsi nəticəsində şəhid olmuşdur.
Şəhid Əlisa Əliyev Qızılağac kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Əlisa Arif oğlu Əliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Subay idi.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı il mərasimi keçirilən Qızılağac kəndindən xəbər verir ki, Şəhid Əlisa Əliyevin ailəsi, şəxsən atası Arif Əliyevin hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Məftun Hüseynov, Hacı Nüsrət Nəsrullayev və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, dualar etmişlər.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid Əlisa Əliyevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr söylənilib, Əlisanın vətənsevər, cəsarətli oğul olduğunu vurğulamışlar...