Masallıda 8 Noyabr – Zəfər Günü
Masallıda 8 Noyabr – Zəfər Günü ilə bağlı möhtəşəm tədbir keçirilmişdir.
Bu gün, 8 Noyabr 2021-ci il tarixdə Azərbaycanın hər yerində olduğu kimi, Masallıda da 44 günlük Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar-8 Noyabr – Zəfər Günü ilə bağlı möhtəşəm tədbir və şəhərimizin Qəhrəmanlar Parkının açılış mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Professor Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, ayrı-ayrı yerlərdən gələn qonaqlar, müəllimlər və məktəblilər, tələbələr, sakinlər və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini böyük məhəbbətlə anmışlar.
Sonra tədbiri giriş sözü ilə açan Masallı RİH başçısı cənab Şahin Məmmədov geniş və məzmunlu nitqində
8 Noyabr-Zəfər Günü barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin yeni səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək dünyaya gücünü, qüvvətini göstərdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi təsis edilməsi ölkəmizin həyatında yeni tarixi mərhələnin gözəl günlərə aparan böyük yolun, yeni dövrün başlanğıcıdır. Birinci Qarabağ müharibəsindəki ərazi itkiləri görən xalqımız hər zaman tarixi Zəfərin arzusu ilə yaşayırdı. Bu gün böyük qürur və fəxr hissi duyuruq ki, möhkəm təməlləri xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müasir, müstəqil Azərbaycan Respublikası Ulu Öndərin varisi Prezident İlham Əliyevin çevik siyasəti, müdrik qərarları sayəsində qüdrətli bir dövlətə çevrildi. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində ötən ilin 27 sentyabrından zəfər salnaməmizin yaddaqalan səhifələri yazıldı. Bu gün bura yığışmağımız da həmin yeni tarixin təzahürüdür. Masallı şəhidləri xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan şəhərin Qəhrəmanlar Parkı ən ziyarətgah məkan olacaqdır. Təzə ailə quran gənclər burada çəkilən şəkilləri evlərinin ən görkəmli yerlərindən asacaqlar. Onda şəhidlərimizin ruhu şad olacaqdır. Artıq bu ənənə Masallıda baş vermişdir. Toyları olan iki gənc şəhidlərin məzarını ziyarət edərək səadətə qovuşmuşlar. Bu, Masallılı gənclərdən ən nümunəvi, bəyəniləsi addımdır. Bu addımı hamı bəyənir və alqışlayır. Olduqca qürurvericidir.
Cənab Şahin Məmmədov 44 günlük Vətən müharibəsində qəhrəman Masallıdan olan oğullarımızın şücaətindən, igidliyindən də ətraflı söhbət açıb. Bildirib ki, əsl ziyarət yeri olan Park-Xiyabanda 247 Masallılı şəhidlərin şəkli, adları, soyadları və atalarının adı yazılıb. -Onlar heç vaxt unudulmayacaqlar. İnsan var ki, 80, 90 il ömür sürür, tez də unudulur. Amma, adları, şəkilləri daşlara həkk olunan şəhidlər nə qədər ki, Azərbaycan Dövləti var unudulmayacaq. Azərbaycan Dövləti də əbədı olacaqdır. Ümummilli liderin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz onlara borcluyuq. Bu gün açılışını etdiyimiz Qəhrəmanlar Parkının yaradılmasında əməyi olan vətənpərvər insan, Milli Məclisin deputatı Məşhur Məmmədova, əməyi keçən hər bir kəsə minnətdaram. Sağ olun,-deyə Ş. Məmmədov qeyd edib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, daha sonra çıxış edən Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov, iki şəhid-aprel döyüşçüsü Nurlanın və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova, Vətən Müharibəsi Qəhrəmanı, əslən Şərəfəli polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun həyat yoldaşı, Sumqayıt şəhərindən gəlmiş Sitarə Vaqif qızı Cəfərova, 3-cü dərəcəli "Rəşadət" ordenli Vüsal Məhərrəmovun atası Aslan kişi, şəhid Sübhan Həsənovun atası Rauf Həsənov, iki medallı qazi Elmir Əliyev və başqaları Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, şəhid ata-anaları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildiriblər.
Sonra tanınmış aktyor Cəmaləddin Əliyevin rəhbərliyi ilə hazırlanmış məktəbli və tələbələr Vətəni, Ölkəmizi, Ali Baş Komandanı, şəhidlərimizi vəsf edən ədəbi kompozisiya təqdim edib, qəhrəmanlıq şeirləri səsləndiriblər.
Böyük coşqu ilə keçən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov şəhidlərə dualar edib.
Sonra insanlar dəstə-dəstə axınla, növbə ilə gəlib Masallı şəhərindəki açılışı olan Qəhrəmanlar Parkında 247 şəhidin, Azərbaycan Milli Qəhrəmanlarının və Vətən Müharibəsi Qəhrəmanlarının büstünü ziyarət ediblər. Bütün şəhidlər təzə qərənfillər, təzə güllər dənizinə bürünüblər. Qısa payız günləri olmasına baxmayaraq şəhidlərin ruhuna ehtiram və məhəbbət Zəfər Günündə axşam saatlarınadək davam edib.
Bayram tədbirindən sonra xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib.