Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Cavad Babayevin anım mərasimi

11 noyabr 2021 | 16:00

11 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndindən olan, 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Cavad Gülverdi oğlu Babayevin anım mərasimi keçirilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Cavad və onun kimi şəhidlərimiz haqqında söz açaraq qeyd etmişdir ki, Cavad təkcə Gülverdinin oğlu yox, hamının balasıdır. Əvvəllər Cavad balamızı Qızılağacada, Masallıda tanıyırdılar. İndi onu ölkəmizin hər yerində tanıyırlar.
İcra başçısı cənab Ş.Məmmədov sonra demişdir ki, Qələbə sevincinin yaşayırıq. Dahi rəhbər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev dövlətimizin qüdrətini daha da artırdı. 44 günlük müharibə başda Ali Baş Komandan olmaqla Cavadkimilərin hesabına dümənləri, onların qurduqları istehkamları darmadağın etdilər, itən qürurumuzu, şərəfimizi, ləyaqətimizi qaytardılar. Ötən il, 2020-ci ilin noyabrın 16-sı tarixi günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edərkən ölkənin başçısı demişdir ki, Ermənistan ölkəsi artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq. Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik…-Bəli, Vətən onda Vətən olur ki, Cavad kimi oğulları var. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq… Allah Cavad, balamıza, bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirəm. Allah Ali Baş Komandan İlham Əliyevi, millətimizi, ölkəmizi qorusun. Bizə dost olan ölkələr daha da qüdrətlənsin, düşmənlərimiz yox olsun...-deyə RİH başçısı çıxışını yekunlaşdırmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı hüzr mərasimi keçirilən Qızıağac kəndindən xəbər verir ki, axırda icra başçısı şəhid əsgər Cavadın atası Gülverdi ilə görüşmüş, qayğıları ilə maraqlanmışdır.
Atası Gülverdi kişi demişdir ki, doğma torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək Cavadın ən böyük arzusu idi. Vətən müharibəsi başlayanda bu arzusunu reallaşdırmaq üçün digər vətənpərvər oğullarımız kimi, o da döyüş meydanına atılmışdır. Cəbrayıl, Qubadlı və digər bölgələrdə düşmənə ağır zərbələr endirib və həmin rayonların alınmasında böyük şücaət göstərmişdir...
Şəhid atası hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir.
Məlumat üçün bildirək ki, şəhid əsgər Cavad Gülverdi oğlu Babayev 8 yanvar 2000-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur.
2005 - 2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil almışdır.

2017-2018- ci illərdə Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini uğurla başa vurmuşdur.

Həqiqi hərbi xidmətini başa vurduqdan sonra tikinti təşkilatlarından birində işləyirdi...

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Cavad Gülverdi oğlu Babayevin nəşi Qızılağac kənd qəbiristanlığında böyük izdihamla dəfn olunmuşdur.

Subay idi...
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Qızılağac kəndindən olan şəhid əsgəri Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
İl mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilmişdir.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid şəhid əsgər Cavad Babayevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür.

Keçidlər