Şəhid baş leytenant Sahib Şirəliyevin anım mərasimi
14 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Ərkivan qəsəbəsində (Ramazanlı küçəsində) 44 günlük Vətən müharibəsinin şəhid baş leytenant Sahib Yusif oğlu Şirəliyevin mərasimi təşkil edilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və media nümayəndələri iştirak etmişlər.
Masallı RİH başçısı cənab Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhid baş leytenant Sahib Şirəliyev və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, zabit Sahib kimi oğullar bizə şərəfimizi, əyilən vüqarımızı, qürurumuzu qaytarmışlar. Həqiqətin bir üzü var. Şəhidlər nümunəvi, yaxşı vətəndaş oldular Azərbaycanımıza. Təsəllimiz budur ki, şəhid baş leytenant Sahib, təkcə Yusifin yox, hamının övladıdır. Onun kədəri bu qəsəbənin, bu obanın kədəridir. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allahdan Sahib balamıza, bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə Allahdan şəfa arzu edirəm.
RİH başçısı geniş və məzmunlu nitqində həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. Qeyd etmişdir ki, dünya heç də biz düşündüyümüz kimi ədalətli deyildir. Xocalı qırğını, məscidlərdə donuz saxlanılması buna misaldır. İncikliyimiz dost-qardaş dediyimiz ölkələrin bizi arxadan vurmasıdır.-Biz Sahiblərdən artıq deyilik. Bu gün onların ruhu bizimlədir. Sahiblər getdi, canlarını verdilər, şəhid oldular. Qazilərimizin yarı canları getdi. Əgər bu gün biz dost və düşmən ölkələrimizi bilməsək, onda Sahiblərin ruhu bizi bağışlamaz. İsan var, 80-90 yaş yaşayır, bir evdən gedir, tez də unudulur. Amma, Sahiblər ölkəsinin layiqli vətəndaşı kimi eldən gedir, daim ürəklərdə yaşayırlar. Şəhidləri dövlət yaşadacaq. Şəhidlərlə bağlı kitablar yazılır, çap olunur. Təzə ailə quran bəylə-gəlin şəhərimizin Qəhrəmanlar Parkını-şəhidlər abidə kompleksini ziyarət etməli, şəkillərini çəkdirib evlərinin ən hündür yerlərindən asmalıdırlar. Artıq bu, Masallıda bir ənənə halını alir, şəkilləri sosial şəbəkələrdə paylaşır, hamı da -Allah sizi xoşbəxt eləsin, Halal olsun sizə...və bu kimi xoş sözlər yazırlar.
İcra başçısı daha sonra demişdir:
-Əziz Masallılar, Azərbaycanımız, burada yaşayanlar yumruq kimi bir olanda Azərbaycanımız ayaq üstə durur.Türk dünyasının birliyi «Turan» yaranıb. Bu, bizim gələcəyimizə yönəlib. Biz təkcə bu günümüz üçün yaşamamalyıq. Körpələri, bələkdə olanları da düşünməliyik. Yaxşı vətənpərvər olmalıyıq. Azərbaycan daha qüdrətli olacaq. Yumruq kimi olun. Həmişə Vətəninizin yanında olun. Onda erməni səsini çıxarmağa cəsarət edə bilməyəcək.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən «Yeni həyat» qəzetinin əməkdaşı Ərkivan qəsəbəsində keçirilən il mərasimindən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Sahib Yusif oğlu Şirəliyev 1995-ci il oktyabrın 18-də Ərkivan qəsəbəsində anadan olmuşdur.
S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbində almışdır.
Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilmişdir.
Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərmişdir. Səkkizinci sinifdən C.Naxçıvanski adına Hərbi Liseyinə sənəd vermiş, 202 bal toplasa da qəbul ola bilməmişdir.
2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur.
2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi vətənə qulluq etmişdir. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənmiş, dəfələrlə Fəxri fərman və diplomlarla mükafatlandırılmışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidilklə vuruşmuşdur.
Hadrut istiqamətindəki döyüşlərdə, qəsəbənin və ətraf yüksəkliklərin azad edilməsində Sahib və rəhbərlik etdiyi xüsusi təyinatlı qrup (12 nəfərlik heyətlə) xüsusi fədakarlıq göstərib. Hadrut döyüşlərində bir neçə düşməni şəxsən özü məhv edib. Şəhid və yaralılarımız olsa da, qarşı tərəfin sıx yerləşdiyi və güclü müdafiə olunduğu, eləcə də Hadrutu nəzarətdə saxlayan “Xaç” vacib yüksəkliyinin, Tuğ, Qarabulaq kəndlərinin alınmasında, Qırmızı Bazar istiqamətindəki döyüşlərdə S.Şirəliyevin xidməti əvəzsiz olub. Şuşa-Laçın dəhlizi və dəhlizin üstündəki yüksəkliyin ələ keçirdilməsi əməliyyatı zamanı düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib, 2 ədəd BMP qənimət kimi götürülüb. Bu ağır vuruşda cəsur və təmkinli XTQ-nin qrup komandiri Sahib Şirəliyev qəhrəmancasına şəhid olub.
Şuşa uğrunda döyüşlərdə canını qurban verən qəhrəman zabitimiz 2020-ci ilin noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib.
Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi Sahib Yusif oğlu Şirəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordenli, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və «Xocavəndin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid baş leytenant Sahib Şirəliyevin ailəsi, şəxsən atası Yusif, qəsəbənin tanınmış ziyalısı Hacı Aydın Nurəliyev və başqaları hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlıq və təşəkkür bildirmişdir.
İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri Hacı Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımız, Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevə və onun ailəsinə, bütün şəhidlərimizin ruhuna, qazilərimizə, ölkəmizə, millətimizə, bütün Masallılara dualar edilmişlər.
Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid baş leytenant Sahib Şirəliyevin məzarını ziyarət etmişlər.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə qərənfillər düzülmüşdür.
Çıxışlarda şəhid barədə xatirələr söylənilib, onun vətənsevər, cəsarətli bir insan olduğunu vurğulamışlar.