Masallı şəhər Gənclər Mərkəzində 20 Yanvar şəhidləri anıldı
13 yanvar 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş “20 Yanvar-qan yaddaşımız” mövzusunda dəyirmi masa keçirilmişdir.
Masallı rayon Gənclər və idman idarəsi ilə rayon Təhsil şöbəsinin birgə təşkil etdiyi “20 Yanvar-qan yaddaşımız” mövzusunda keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilərək qanlı olayla bağlı sənədli film nümayiş olunmuşdur.
Toplantıda çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev, təhsil şöbəsinin metodisti Əyyar Burhanov və başqaları Azərbaycan xalqının tarixinə qanlı yanvar kimi daxil olmuş hadisədən danışaraq, milli azadlıq yolunda canlarından keçmiş Vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını bildiriblər.
Qeyd olunmuşdur ki, xalqımızın ağır günlərində Ümummilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyində verdiyi bəyanatında qanlı hadisələri pisləyərək, buna qəti etirazını bildirmişdir.
Mərasimdə xüsusi vurğulanmışdır ki, Ulu Öndər Heydər Əliyev 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il noyabrın 21-də Yanvarın 20-nin ümumxalq hüzn günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir.
Tədbirin sonunda gənclərə 20 Yanvar faciəsi ilə bağlı bukletlər paylanılmışdır.